Uzun zaman biznes plan sahəsində olan biri kimi müşahidə etdiyim bir məsələ var. Azərbaycanlı iş qurmaq istəyən şəxslərlə azərbaycanlı investorların yola gedə bilməməsi. İş danışılır, qurulur və işin əvvəlində və yaxud müəyyən bir nöqtəsində yollar ayrılır. Bu durumlarda hər zaman iş görən şəxs investoru günahlandırır və investorun baxış bucağının dar olduğunu deyir və yaxud investorun ancaq ay sonunda gəliri düşündüyünü söyləyir. Başqa aspektdən baxsaq..
Əgər biz ölkə biznes və investisiya mühitini analiz etsək bu prosesin çox normal olduğunu görə bilərik. Analiz dedikdə çətin düsturlar qurmağa ehtiyac yoxdur. Ölkədə investisiya mühiti demək olar ki, formalaşmadığı üçün bu tip halların baş verməsi və investorun özünü zəmanət altına alması normaldır.
Bazarda olan boşluqlar isə aşağıdakı kimidir.
1. Texnologiyanın çox zəif inkişaf etməsi. İnvestor bu sahəyə güvənmir. Bu sahədə risklər çox, gəlirlilik isə uzunmüddətdə gözlənilir. İnvestor niyə risk etsinki?
2. Dövlət informasiya dəstəyi minimum həddədir. Belə bazarlarda nəinki öz investorlarımız, heç xarici investorlar da ölkəyə uzunmüddətli yatırım etməyi planlaşdırmaz və indiki durumda bunu sübut edir.
3. Ölkədə peşəkar sahibkarların az olması. Yeni sahəyə daxil olan şəxslərin o sahədəki az təcrübəsi. Türkiyə, İran və Avropa ölkələrində fəaliyyət göstərən şirkətlərin çoxunda nəsildən nəsilə ötürülmə, idarəetmə və şirkət təcrübəsi var. Bunun fonunda investor şirkətin keçmişinə yatırım edir. Bizdə isə böyük ölçüdə şirkətlər ya yeni qurularkən ya da 2,3 il fəaliyyət göstərdikdən sonra yatırımcı axtarmaqdadırlar.
4. Manatın valyuta olaraq riskli olması. Ölkədəki bütün proseslər neft-qaz sahəsinin dünyadakı tələb və təklifindən asılıdır. Belə halda investor bir neçə ay sonra nə olacağını proqnoz edə bilmir.
5. Ölkə iqtisadiyyatının gələcək təxminlərinin olmaması və iqtisadiyyatçıların bu mövzuda real keys çıxışlarının olmaması. İnvestor onu nəyin gözlədiyini bilmir.
6. Digər ənənəvi sahələrdə proseslərin daha risksiz olması. X məhsul gətirəcəksən və yaxud alacaqsan, bazarda x rəqəmindən satacaqsan arada qazancını əldə edəcəksən. Bu ən bəsit ticarət modelidir və yatırımcı buna üz tutur. Nəinki, yeni marka yaratmaq, qloballaşma, istehsal etmə, texnoloji ideyalar və s.
7. Azərbaycanın xarici bazarlarlarla olan əlaqəsinin çox zəif olması və bu istiqamətdə dövlət qurumlarının az iş görməsi.
8. Ölkədə yaxşı mühəndislik məktəblərinin olmaması, tədrisin və tətbiqin ən zəif dərəcədə olması.
9. Ölkədə maliyyə savadlılığının zəif olması. Bu həm investor həm də işi görən şəxslər tərəfinə şamil olunur. Belə olan halda maliyyənin düzgün idarə olunmaması və düzgün proseslərin getməməsi işi qəlizləşdirən amillərdən birinə çevrilir.
10. Ölkədəki bank faiz dərəcələrinin yüksək olması və biznes kreditlərinin verilmə proseslərinin çətin olması. Bu da investorun ölkədə böyük işlər görmək istəmə həvəsinə birbaşa təsir göstərməkdədir.
Əlbəttə bu problemlərin hər birinin öz həll yolu var. Lakin bu ayrı bir mövzudur, bunu ayrı bir bloq yazısında paylaşacam.
Diqqətiniz üçün təşəkkür edirəm.