Bir müddət əvvəl Cənubi Koreyanın Ssang Yong avtomobil istehsalçı markasına təqdim edilməsi üçün biznes planı təhvil verdik.
Cənubi Koreya markalarından nələri öyrənməliyik?
Cənubi Koreya markalarının proseslərinə baxdıqca biznes, dünya və insanlıq adına nə qədər gözəl işlər gördüklərinin şahidi oluram. Bildiyiniz kimi hazırda bir-neçə marka ilə dünya markası olmaq yolunda əsaslı addımlarla addımlayırıq. Qloballaşmaya olan marağım elə o zamanlar, Hyundai-da marketinqdə olduğum zamanlardan başlayıb. Hyundai markasının vizyonunu, strateji planını və şirkət mədəniyyətini o zamanlar çox daha sıx izləyirdim.
Cənubi Koreya markalarından nələri öyrənməliyik? - Bu bloq yazısında paylaşmışam.
- Düşünün 10 ilin, 20 ilin hədəfləri artıq yazılmış formadadır və durmadan hədəfləri istiqamətində ciddi addımlar atırlar. Misal üçün 2017-ci ildə strateji hədəflərdən biri 2025-ci ildə Avropanın ən çox satan avtomobil markalarınından biri olmaq idi. Bir neçə gün bundan öncə DJ Turalın yazısında oxudum ki, Hyundai satışlarını çox ciddi formada artırıb. Beləki 2021-ci ildə Avropa bazarında 21.6 faiz satış artımı göstərib hətta satışla bağlı bəzi rekordlar qırıb.
- Hədəflərini bariz şəkildə hər kəsə açıq formada media ilə paylaşırlar və dəyişiklik olduqda belə bunu yenə də media üzərindən paylaşırlar. Bu proses bütün Hyundai çalışanlarında, loyal müştərilərdə və ümumiyyətlə izləyicilərdə markaya qarşı xüsusi rəğbət yaradır. Əlavə olaraq marka hədəflərə qarşı daha ciddi yanaşmağa. başlayır.
- Cənubi Koreya markaları həqiqətən də PR və Marketinq fəaliyyətlərinə ağılasığmaz dərəcədə büdcələr xərcləyirlər. Təkcə büdcəni xərcləməklə deyil, marketinq və PR proseslərini o qədər dolğun və nizamlı formada aparırlar ki, bu fəaliyyətlər bir başa onların hədəflərinə çatmağa xidmət edir.
- Yeniliyə və texnologiyaya çox ciddi büdcələr xərcləyirlər və bilirlər ki, bu günə deyil gələcəyə yatırım etmək ən düzgünüdür. Bunun üçündür ki, elektrik avtomobillərə, robotexnikaya, kosmos-elminə, tibb sektoruna ciddi yatırımlar edirlər.
- Əlavə olaraq biznes-müştəri-cəmiyyət bağlılığını möhkəmlətmək üçün Korporativ Sosial Məsuliyyət layihələrinə çox diqqət edirlər. Bu böyük Cənubi Koreya markalarının çoxunda şahid olduğum nüansdır. Bu sahəyə ciddi yatırımlar edirlər, tələbələrə, evsizlərə, müharibə ailələrinə, uşaqlara, şəraitsiz regionlara və s.
- Ən vacib amil isə korporativləşmənin təməllərinin düzgün atılmasıdır. İyerarxiya mədəniyyəti, rəhbərliyə sevgi, işə sevgi çox yüksək həddədir. Biznes daxilində bütün sahələrin nizamlı və planlı olması, partnyor şirkətlərlə problemləri həll etmək üçün birlikdə səylər, regional ofislərin idarə olunması cənubi Koreya markalarını qlobalda böyük oyunçulardan edir.
- Təlimlərə, əməkdaşlara yatırım, regioanlardakı partnyorların əməkdaşlarına yatırım davamlı və daima daha yeni metodologiyalarla həyata keçirilir. Buşirkətə yeni qoşulanların, şirkət çalışanlarının markanı daha yaxşı mənimsəməsi və bu yolda daha düzgün addımlar atması üçün vacibdir.
- Məhsula davamlı yatırım edirlər. Durmurlar və daima yaxşılaşdırma, daima rəqibdən daha yaxşısını etmək istəkləri var. Lazım gəlirsə ən yaxşı dizaynerlərlə işləyirlər, ən yaxşı mühəndisləri özlərinə cəlb edirlər.
Bu linkdə Hyundai-ın 2025-ci il üçün biznes strategiyasını görə bilərsiniz. https://www.hyundainews.com/en-us/releases/3218
Dünya ilə ayaqlaşmalıyıq. Ola bilər ki, bu gün avtomobil istehsal edə bilmirik, ola bilər texnologiya və müasir biznes alətlərindən uzaq düşümüşük. Lakin dünya bazarına çıxa bilməyimiz üçün özümüzə məxsus məhsullarımız və biz bu məhsullar üzərindən qloballaşmalıyıq. Dünya markalarını izləməliyik, korporativləşməliyik, davamlı daha yaxşısını etməklə ölkələrə satışlar etməliyik...