Biznes plan iş dünyasının, investisiya bazarının olmazsa olmaz vacib faəliyyətlərindən biridir. İstər investorlara təqdim etmək üçün, istər təşkilatlara, qurumlara təqdim etmək üçün və eyni zamanda öz cari biznesimizə yatırım edərkən biznes planın dəqiqliyi və həssaslığı gözə alınmalıdır.
Bu yazıda biznes planda vacib amillərdən biri olan və çoxlarının riayət etmədiyi mövzuya toxunacağam. Bu, planın yazılması müddətində ssenarilərin qurulması (başqa adla gələcək üçün təxminlərin qurulması) prosesidir. Nədir ssenarilərin qurulması.?
Biznes planda ssenarilərin qurulması prosesi layihənin olduğu bazarda, maliyyə planında, satış prosesində, istehsalat prosesində və s. gələcəkdə ola biləcək riskləri gözə alaraq təxminlər irəli sürmək və bu təxminlər üzərindən layihənin maliyyə tərəfini yenidən hesablamaqdır.
Biznes planda ssenarilərin qurulması sizə əsas 2 vəd verir.
- Riskləri görə bilirsiniz və öncədən hazırlıqlı ola bilirsiniz.
- İnvestorların işə baxışını dəyişir və onlar plandan məmnun qalırlar.
Düşünün ki, siz ideya və əsaslandırma qismini yazdınız, bazarı analiz etdiniz və layihənin istehsal planını, marketinq və satış hissəsini işlədiniz. Elə bu proseslər üzərindən də maliyyə planını hazırladınız və nəticələr aşkarlandı. Lakin yaxşı olar ki, ssenarilər bölməsi yaradaraq və burada layihənin gələcəkdə ehtimal olunan və riskli tərəflərini də nəzərə alaraq 3 ssenari formalaşdıraq. Misal üçün biz düşünmüşdük ki, istehsal xəttini birinci il 60%, ikinci il 80% üçüncü il isə 100% dolduracağıq. Lakin birinci ssenaridə müəyyən səbəblərdən istehsal xətti illərə görə 50%,70%,90% olur və bu proseslər üzərindən maliyyə planı bir daha hesablanır və nəticələr çıxarılır. İkinci ssenaridə bazarın həcminin daha aşağı artımla genişlədiyini təxmin edirik və bu rəqəmlər üzərindən bir daha maliyyə planını işləyib nəticələr çıxarırıq. Üçüncü ssenaridə satışların illər üzrə düşündüyümüzdən daha az olduğunu təxmin edirik və bir daha maliyyə planını bu ssenari üzərindən hesablayırıq və nəticələri aşkarlayırıq. Əgər pis sseanrilərdə də sizin layihənin maliyyə planı müsbətdirsə bu layihənin risklərə qarşı möhkəm olduğunun göstəricisidir. Bu ssenarilər investorlara da xoş təsri bağışlayacaqdır.
Başqa bir ssenari qurma modelini də sizinlə paylaşıram. Misal üçün deyək ki, sizin Azərbaycanda daxil olmaq istədiyiniz bazarın ümumi həcmi 200 milyon AZN-dir. Siz biznes planda atacağınız marketinq və satış addımları, quracağınız biznes idarəetmə modeli və s. ilə bu bazardan illik 2% pay götürəcəksiniz. Lakin siz bir də ssenarilər bölməsi yaradırsınız və orada bəzi işlərin yolunda getmədiyi halda 3 ssenari yaradırsınız. Birinci ssenaridə 1,8%, ikinci ssenaridə 1,5%, üçüncü ssenaridə isə bazardan 1,2% pay götürəcəksiniz. Əgər bu ssenarilərdə və əsasən də ən bədbin sseanridə belə sizin maliyyə planınız müsbət çıxırsa bu investoru çox məmnun edəcəkdir.