Son Paylaşım

Müasir sahibkarlıqda biznes planın rolu - İctimai Radio

İctimai Radioda Cavid Abasovun 'Müasir sahibkarlıqda biznes planın rolu' mövzusunda  çıxışından olan bəzi sualları və onların cavablarını bu bloq yazısından əldə edə bilərsiniz.

Müasir sahibkarlıqda biznes planın rolu


1.     Biznes-planın müasir sahibkarlıq fəaliyyətində rolu nədədir?

-       Ümumilikdə müasir sahibkarlıq və yaxud ənənəvi sahibkarlıq anlayışı düşünürəm ki, olmamalıdır. Dünya, texnologiya və ticarət yüz illərdir yenilənməkdə davam edir və biznes mühiti bu yeniliklərə ayaq uydurur sadecə. Bu yeniliklərlə uyğunlaşanlar ayaqda qalır, ayaqlaşa bilməyənlər isə gec-tez məhv olmağa məhkumdurlar. Amma bəli müasir dövrümüzdə, yeniliklərə ayaq uyduran bizneslər uzun illər əvvəl fəaliyyət göstərən və o vaxtın biznes alətlərindən istifadə edən bizneslərindən çox fərqlidir. Artıq daha sürətli, daha rəqabətli və daha globallaşan biznes mühitinin şahidiyik. Artıq bir əvvəlki dövrlərdən fərqli olaraq daha çox planlamaya, daha çox araşdırmaya və daha əsaslı addımlar atmağa ehtiyac var amma bunlarla paralel sürətli qərar verməyə və cəld hərəkət etməyə də ehtiyac var.

İndi startup-lar, texnoloji bizneslərin qurulması dövrüdür. İstər investisiya cəlb edərkən istərsə də biznesə başlamaq üçün araşdırılmış, hesablanmış, planlanmış şəkildə addımlar atmaq lazımdır. Sahibkar isə həm araşdırmanı həm hesablamanı həm də planlamanı biznes planda əldə edə bilər.

2.     Ötən illərlə müqayisədə bugün biznes planın hazırlanmasında nələr dəyişib? Bu dəyişikliyin əsas səbəbi nədir?

-       Əslində biznes planda əsas dəyişən tərəf çox sürətli formada onun yenilənməsidir. Misal üçün əgər biz 2021-ci ilin əvvəlində başlayacaq biznesimiz üçün biznes plan hazırlasaq hər 3 ayın sonunda biznes plana göz gəzdirməliyik. Bazarda, rəqiblərdə, bizdə baş verən dəyişiklikləri və bizim biznes planda nəzərə almadığımız tərəfləri biznes planda yeniləməliyik. Bir əvvəlki illərə nisbətən indi investorlar da daha ətraflı hazırlanmış, araşdırılımış və hesabatları özündə əks etdirən biznes planlara üstünlük verirlər. 

3.     Biznes planın yazılmasının əsas məqsədi nə olmalıdır?

-       İnvestisiya xarakterli bizneslərdə biznes planın məqsədi ideyanı, biznesi, layihəni qarşı tərəfə doğru, dolğun şəkildə izah etməkdən ibarətdir. Çox görürəm mənə göndərirlər ki, hər hansısa biznes planı analiz edim. Yalnız o qədər boşluqlar, çatışmayan tərəflər olur ki, artıq layihə haqqında neqativ düşünməyə başlayırsan. Lakin layihə haqqında dolğun formada yazdıqda və fikirləri düzgün formada ifadə etdikdə investorlar, sahibkarlar qarşısında bu layihənin dəyərini artırırsan. Cari bizneslər üçün biznes plan yazdıqda isə, keçmiş analizlərdən, araşdırmalardan və maliyyə hesabatlardan yola çıxaraq biznesin yaxın 3-5 illik biznes planını düzgün formada qura bilirsən. 

4.     Biznes-planın hansı növləri var? Biznes-planın strukturu (nələr daxil edilməldidir?)və həcmi necə olmalıdır? (Marketinq planı, İstehsal planı,Təşkilati plan, Maliyyə planı haqqında ümumi məlumat)

-       Biznes planın əsasən 2 növü var. İnvestisiya cəlb etmək üçün biznes plan və cari bizneslər üçün biznes plan. İnvestisiya cəlb etmək üçün biznes planlarda hədəf ideyanı, layihəni doğru düzgün formada investor, bank, kredit təşkilatına və s. təşəbbüskarın biznes planı verəcəyi yerə çatıdrmaqdır. Nə qədər köklu formada əsaslandırılmış olarsa o qədər qarşı tərəfi qane edəcək. Cari bizneslər üçün olan biznes planlarda isə diqqət edilməsi əsas nünas biznesin bundan öncəki proseslərindən çıxarılan net analizlər, araşdırmalar və gələcək yönümlü hədəflərin istər marketinq və satış, istər istehsalat və anbarlaşma və s. tərəfdən doğru formada tənzimlənməsidir. Biznes planda isə olması lazım olan ardıcıllıq aşağıdakı kimidir.

a)     İdeya haqqında, məhsul və yaxud xidmət haqqında dolğun məlumat. Biznesin güclü tərəfləri, zəif tərəfləri, ideyanın xarakteristikası və s. kimi məlumatlar bu qisimdə yer almalıdır.

b)    Bazarın araşdırması və analizi,

c)     Biznesin idarəedilməsi,

d)    İstehsalat, anbar və logistika planı və siyasəti

e)    Marektinq və satış,

f)      Biznesin inkişaf planı,

g)     Maliyyə planı

h)    Risklərin analiz olunması planı.

Əlbəttə bu başlıqların alt başlıqları var. Alt başlıqlar isə layihədən, layihənin reallaşmasından asılı olaraq dəyişəcəyi üçün burada qeyd etməyə gərək görmürəm.

5.     Biznes planda məhsul və ya xidmət haqqında məlumat verərkən nələrə diqqət etmək lazımdır?

-       Əsasən bu bizə investisiya cəlb etmək üçün olan biznes planlarda gərəkli olur. Məhsulun spesifik tərəflərini mükəmməl izah etmək lazımdır. Çünki investor və yaxud qarşı tərəfdəki qurum məhsul haqqında ətraflı məlumatı olmaya bilər. Bu məhsulun digər rəqiblərdən fərqlərini, üstün tərəflərini yaxşı izah etmək lazımdır ki, qarşı tərəfdəki biznes planı oxuyan şəxslər nə üçün bizim məhsulun digərlərindən fərqləndiyinin fərqinə varsınlar. Bundan sonra məhsul haqqında varsa şəkillər, əgər çox konfedensial deyilsə məhsulun sxemasını yerləşdirmək mümkündür.

6.     Biznes plan tərtib edilərkən hansı ardıcıllığı gözləmək lazımdır?

-       Əslində burada məntiqi bir ardıcıllıq var. Əgər investisiya cəlb etmək üçün olan biznes plan yazırıqsa ilk növbədə biznes planın xülasəsini özündə cəmləyən 2-3 səhifəlik bir xülasə bölməsi olmalıdır. Bu investorun və s. şəxsin qısa zamanda biznes plan analiz etməsi üçün gərəklidir. Bunda sonra məhsul haqqında ətraflı məlumat olmalıdır, bunu verdikdən sonra nə üçün bu sahəyə investisiya olunmalıdır sualının cavabını özündə əks etdirən bazarın araşdırması, sonra bazara giriş qaydalarını özündə əks etdirən biznesin idarəedilməsi, marketinq plan, satış plan, biznesin inkişafı planı olmalıdır, sonra maliyyə planı və sonda isə risk analizləri göstərilməlidir.

7.     Bazar imkanlarının qiymətləndirilməsi və satış bazarının araşdırılması məsələsinin əhəmiyyəti? Bu iş necə planlaşdırılmalıdır?

-       Əslində düşündüyümüzdən də çox əhəmiyyətlidir araşdırma qismi. Düşünün bir bazara daxil olursunuz və yaxud yeni xidmət irəli sürürsünüz amma rəqiblər haqqında, bazarın ümumi həcmi haqqında, satış kanalları haqqında, müştərilərin məhsul ilə bağlı fikirləri haqqında bir bilgimiz yoxdur. Yıxıla-yıxıla öyrənəcəyiksə bu biznes üçün çox təhlükəlidir. Əgər öncədən anket araşdırması, rəqiblərin bizə vacib olan məlumatlarını, bazarın ümumi həcmini və s. kimi bazar araşdırması məlumatlarını ələ ala bilsək bu bizə daha səlis irəliləmək imkanı verəcək. Bazara giriş qaydalarımız dəyişəcək. Bəlkə də qiymətimizi daha uyğunlaşdıracağıq, satış kanallarımızı dəyişəcəyik. Araşdırma fəaliyyəti bahalı prosesdir əslində. Amma mütləq biznes planı əsaslandırmaq üçün müəyyən araşdırmalar, əsaslandırmalar olmalıdır biznes planda. 

8.     Risklərin analizi və onların dəf edilməsi yolları ?

-       Sahibkarların diqqət etməsi lazım olan vacib amillərdən biri də biznes planda risklərin analizidir. Mən baxıram, çox biznes planda bu risklər və onların aradan qaldırılması şərti olaraq yazılır. Lakin risklərin aşkarlanması, onların hesablanması üçün və aradan qaldırılma yolları ilə bağlı modellər var. Bunlardan biri matrix modelidir ki, siz risklərin risklilik dərəcələrini və baş tutma dərəcələrini ölçürsünüz və ona görə o risklərin qarşısını almaq üçün həll yolları çıxarırsınız. Bəli əlbəttə bütün riskləri öncədən görmək mümkün deyil. Lakin riskləri aşkarlamaq üçün bu biznes sektorunda bundan öncə baş verən problemləri analiz etmək və bu sektorun peşəkarları ilə müzakirələr aparmaq lazımdır.

9.     Biznes planın uğurlu və uğursuz olmasının əsas səbəbləri nələrdir?

-       Uğursuz olma səbəblərindən danışmaq istərdim. Əslində bunun səbəbləri çoxdur. Lakin ən vacib 3 nüansı qeyd etmək mümkündür.

a)      Təşəbbüskarın məsələyə ciddi yanaşmaması və biznes planda vacib olan detalları əks etdirməməsi, Biznes planın əksik olması,

b)    Biznes planın zamanla dəyişən biznes mühitinə uyğunlaşdırılmaması,

c)     Lazım olduğundan daha çox şişirdilmiş hədəflər, rəqəmlər. Praqnoz alternativlərinin olmaması.

Ümumiyyətlə mən bütün sahibkarlara yeni işə başlayarkən, işlərini böyüdərkən qlobal bazarları izləmələrini məsləhət görürəm. Bu onların qısa zamanda daha çox yol qət etmələrinə və üfüqlərinin genişləməsinə şərait yaradacaq.

 

 

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok