Uzun müddətdir şəxslər və şirkətlər üçün yazılan biznes planlarda birbaşa iştirak etdiyimdən dövlət qurumları, özəl qurumlardan və s. investisiyaların cəlb olunma proseslərini dərininə öyrənmək imkanım olub. Ölkədə kifayət qədər yaxşı işlər görən, görmə potenasialı olan, fəaliyyətə başlamaq istəyən insanlar şəxslər vardır ki, haradan başlayacaqlarını bilmirlər. Elə buna görə də dövlət və yaxud özəl qurumlar tərəfindən potensial investisiya imkanlarını bloqlar və yaxın gələcəkdə vloqlar halına salıram ki, şəxslər faydalana bilsinlər.
Kənd təsərrüfatı layihələrində İnvestisiya cəlb etmək üçün önəmli müraciət istiqmətlərindən biri də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyidir ki, bu investisiya proseduru haqqında ətraflı məlumatı sizinlə paylaşıram.
Aqrar kredit və inkişaf agentliyinin investisiya fəaliyyəti
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf
Agentliyinin (bundan sonra – Agentlik) vəsaitindən istifadənin mexanizmini və şərtlərini
müəyyən edir.
1.2. Agentliyin vəsaiti
bu Qaydanın 2-ci hissəsində müəyyən edilən aqrar bölmənin inkişafı layihələrinin
və kənd təsərrüfatı istehsal vasitələrinə verilən güzəştlərin maliyyələşdirilməsinə
yönəldilir. Kənd təsərrüfatı istehsal vasitələrinə kənd təsərrüfatı texnikası,
texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı, damazlıq heyvanlar
daxil edilir.
1.3. Kreditlərin və güzəştlərin
aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və ailə kəndli təsərrüfatlarına
(bundan sonra – sahibkarlıq subyektləri) çatdırılması müvəkkil banklar, bank
olmayan kredit və lizinq təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatları)
vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir.
1.4. Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Agentliyin vəsaitindən istifadə üzrə
Müsabiqə Komissiyası (bundan sonra – Müsabiqə Komissiyası) yaradır. Müsabiqə
Komissiyası regional struktur və regional əhatə dairəsi nəzərə alınmaqla müvəkkil
kredit təşkilatlarının seçilməsini həyata keçirir. Müsabiqə Komissiyasının tərkibinə
aidiyyəti dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatlarının nümayəndəsi
də daxil edilə bilər.
1.5. Müsabiqə
Komissiyası haqqında Əsasnaməni və kredit təşkilatlarının seçilmə meyarlarını
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi təsdiq edir.
1.6. Müvəkkil kredit təşkilatlarının
Agentliyin hesabına qaytardığı kredit vəsaiti, habelə digər daxilolmalar (bu
Qaydanın 5.8-ci və 5.9-cu bəndlərində nəzərdə tutulan vəsaitlər istisna
olmaqla) yenidən bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulmuş məqsədlərə yönəldilir.
1.7. Vəsaitin müvəkkil
kredit təşkilatları arasında səmərəli bölgüsünü təmin etmək məqsədilə hər il
fevral ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət
Palatası müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəriciləri barədə
Agentliyə müvafiq məlumat təqdim edir.
2. Agentliyin vəsaitindən
istifadə istiqamətləri
2.1. Agentliyin vəsaitindən
aşağıdakı istiqamətlərdə istifadə edilir:
2.1.1. kənd təsərrüfatı
məhsullarının istehsalı, emalı, saxlanması və satışı proseslərinin təkmilləşdirilməsi
ilə bağlı layihələrin maliyyələşdirilməsi;
2.1.2. regionların aqrar
inkişafı ilə bağlı innovativ layihələrin maliyyələşdirilməsi;
2.1.3. kənd təsərrüfatı
istehsal vasitələrinin təchizatının yaxşılaşdırılması ilə bağlı layihələrin, həmçinin
onların güzəştli satışının və lizinqinin maliyyələşdirilməsi;
2.1.4. heyvandarlıq təsərrüfatlarının
dövlət-özəl tərəfdaşlığı tətbiq edilməklə inkişafı sahəsində layihələrin maliyyələşdirilməsi;
2.1.5. Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyinin pilot layihələrinin maliyyələşdirilməsi.
3.1. Vəsaitdən istifadə
şərtləri müvəkkil kredit təşkilatları ilə Agentlik arasında bağlanan müqaviləyə
əsasən tənzimlənir. Hər bir müvəkkil kredit təşkilatı üçün müəyyən edilən
kredit xəttinin maksimum həcmi (limit) 5 000 000 (beş milyon) manatdır. Kredit
xəttinin konkret həcmini (limit üzrə vəsait) müvəkkil kredit təşkilatının
sifarişi əsasında Müsabiqə Komissiyası müəyyən edir. Limit üzrə vəsait istifadə
edildikdən sonra müvəkkil kredit təşkilatlarının müraciəti əsasında Müsabiqə
Komissiyası onlara sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi
məqsədilə limit üzrə əlavə vəsait müəyyən edə bilər.
3.2. Müvəkkil bankların
Agentlikdən cəlb etdikləri vəsaitin ümumi məbləğinin qalığı onların məcmu
kapitalının, bank olmayan kredit təşkilatlarının isə nizamnamə kapitalının 100
faizinədək ola bilər.
3.3. Müvəkkil kredit təşkilatlarının
müraciəti əsasında ilin əvvəlində limit üzrə müəyyən edilmiş vəsaitdən maliyyə
ilinin başa çatmasına 3 (üç) ay qalanadək, müvəkkil kredit təşkilatlarının
müraciəti əsasında sonradan açılmış limitlərdən isə ilin sonuna 1 (bir) ay
qalanadək tam istifadə edilmədikdə, vəsaitin istifadə olunmayan hissəsinə limit
üzrə vəsait müəyyən edilən tarixdən etibarən, müvafiq olaraq, oktyabr ayının
1-dək və ya dekabr ayının 1-dək hər təqvim günü üçün 0,02 faiz cərimə
hesablanır və istifadə edilməmiş vəsait Müsabiqə Komissiyasının qərarı ilə digər
müvəkkil kredit təşkilatlarına ayrılır.
3.4. Müvəkkil kredit təşkilatları
istifadə etdikləri əsas borcu və hesablanmış faizləri Agentliklə bağladıqları
müqavilə ilə müəyyən olunmuş müddətlərdə ödəyirlər.
3.5. Müvəkkil kredit təşkilatlarının
Agentlik qarşısında öhdəlikləri onların sahibkarlıq subyektləri ilə münasibətlərindən
asılı deyildir. Sahibkarlıq subyektlərinin kreditləri qaytarmasından asılı
olmayaraq, müvəkkil kredit təşkilatları Agentlik qarşısında öz öhdəliklərini
müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Müvəkkil kredit təşkilatları
Agentlik qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin
0,1 faizi həcmində, lakin kreditin 10 faizindən çox olmamaqla cərimə ödəyirlər.
Müvəkkil kredit təşkilatları 1 (bir) ay müddətində öhdəliklərini icra etmədikdə,
Agentlik öz vəsaitinin qaytarılması üçün müvafiq tədbirlər görür.
3.6. Müvəkkil kredit təşkilatının lisenziyası ləğv edildikdə, kredit təşkilatı məcburi ləğv edildikdə və ya müflis olduqda, Agentliyin müraciəti əsasında ləğvediciyə nəzarət edən məhkəmə orqanı Agentliyin vəsaiti hesabına maliyyələşdirilən kredit portfelini ləğvetməyə məruz qalmış kredit təşkilatından digər müvəkkil kredit təşkilatına keçirir. Bu zaman həmin kredit portfelinin təminatı kimi kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və ya girov qoyulmuş əmlak üzrə hüquqlar yeni müvəkkil kredit təşkilatına ötürülür.
4. Kreditlərin və güzəştlərin
sahibkarlıq subyektlərinə ayrılması və
onlardan istifadə edilməsi
4.1. Sahibkarlıq
subyektləri kreditlərin ayrılması və güzəştlərin verilməsi üçün müvəkkil kredit
təşkilatına rəsmi qaydada müraciət edirlər. Müvəkkil kredit təşkilatı müraciətləri
qeydiyyata alır və sahibkarlıq subyektinə müraciətin qeydiyyata alınmasını təsdiq
edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatlarında bu müraciətə baxılır,
həmin müraciət Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müəyyən
etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında
təhlil edilir, müraciətin qeydiyyata alındığı tarixdən 15 iş günündən gec
olmayaraq kreditin və ya güzəştin verilə biləcəyi barədə qərar qəbul olunur,
yaxud sahibkarlara əsaslandırılmış imtina məktubu göndərilir (təqdim edilir).
4.2. Müvəkkil kredit təşkilatı
müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri
Agentliyə təqdim edir. Agentlik 15 iş günü müddətində müraciətin tam və hərtərəfli
ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və
sənədlər tələb edir.
4.3. Agentlik
ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və ya imtina edilməsinə
dair qərarı barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir.
4.4. Müraciətin təmin
olunmasına dair qərar qəbul edildikdən sonra müvəkkil kredit təşkilatı vəsaitin
ayrılması barədə Agentliyə sifariş göndərir. Agentlik sifarişi aldıqdan sonra 3
(üç) bank günü müddətində vəsaitin müvəkkil kredit təşkilatının hesabına
köçürülməsini təmin edir. Müvəkkil kredit təşkilatı aldığı vəsaiti 1 (bir) bank
günü müddətində sahibkarlıq subyektinin hesabına köçürür və bu barədə Agentliyə
məlumat verir. Vəsait müxbir hesaba daxil olandan 1 (bir) bank günü sonra müvəkkil
kredit təşkilatı sahibkarlıq subyektinə vəsaitdən istifadə etmək hüquqlarını təsdiq
edən bildiriş təqdim edir. Həmin tarixdən etibarən sahibkarlıq subyekti layihə
çərçivəsində kredit vəsaitindən istifadə edir. Sahibkarlıq subyektinə verilmiş
kredit vəsaiti yalnız tam həcmdə geri qaytarıldıqdan sonra ona Agentliyin vəsaiti
hesabına yenidən kredit ayrıla bilər.
4.5. Sahibkarlıq
subyektlərinin öz öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, müvəkkil
kredit təşkilatları Agentlik qarşısında məsuliyyət daşıyırlar.
5.1. Sahibkarlıq
subyektlərinə Agentliyin vəsaiti hesabına aşağıdakı hədlərdə güzəştli kreditlər
verilə bilər:
5.1.1. 5 000 manatadək -
mikrokreditlər;
5.1.2. 5 001 manatdan 30
000 manatadək - kiçikhəcmli kreditlər;
5.1.3. 30 001 manatdan
100 000 manatadək - ortahəcmli kreditlər;
5.1.4. 100 001 manatdan
200 000 manatadək - irihəcmli kreditlər;
5.1.5. 1 000 000 manatədək
- kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər.
5.2. Güzəştli kreditlərin
müddətləri aşağıdakı kimi müəyyən edilir:
5.2.1. mikrokreditlər
üçün - 2 ilədək;
5.2.2. kiçik və ortahəcmli
kreditlər üçün - 3 ilədək;
5.2.3. irihəcmli kreditlər
üçün - 5 ilədək.
5.3. Kreditlər üzrə güzəşt
müddəti aşağıdakı kimi müəyyən edilir:
5.3.1. mikrokreditlər
üçün - 12 ayadək;
5.3.2. kiçik və ortahəcmli
kreditlər üçün - 18 ayadək;
5.3.3. irihəcmli kreditlər
üçün - 24 ayadək.
5.4. Kredit müddəti güzəştli
şərtlərlə alınan damazlıq heyvanlar üçün 3 il, digər kənd təsərrüfatı istehsal
vasitələri üçün 5 ildir. Alınmasında güzəşt tətbiq edilən kənd təsərrüfatı
istehsal vasitələri üçün kreditlərə güzəşt müddəti şamil edilmir.
5.5. Güzəşt müddətində
sahibkarlıq subyekti yalnız faiz borcunu ödəyir, əsas borc üzrə hər hansı ödəniş
həyata keçirmir.
5.6. Sahibkarlıq
subyektləri alınmış kreditlər üzrə faiz borclarını və əsas borcu güzəşt müddəti
bitdikdən sonra növbəti aydan başlayaraq, kredit müqaviləsinə uyğun olaraq, hər
ayın ilk iş günü bərabər hissələrlə ödəyirlər.
5.7. Agentlik bu Qaydada
nəzərdə tutulan vəsaiti müvəkkil kredit təşkilatlarına illik 2 faiz tətbiq etməklə
verir. Müvəkkil kredit təşkilatlarının Agentliyin kredit vəsaitinə tətbiq
etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi (bu bənddə nəzərdə tutulmuş 2
faiz daxil olmaqla) 7 faizdən artıq olmamalıdır.
5.8. Müvəkkil kredit təşkilatları
vasitəsilə verilmiş kredit vəsaitindən istifadəyə görə Agentliyin hesabına ödənilmiş
faiz məbləğinin 1/2 hissəsi problemli kreditlərin təminatı məqsədilə Agentliyin
açdığı xüsusi hesabda saxlanılır. Bu vəsait vaxtı keçmiş kreditlər üzrə ödənişlərin
edilməsi məqsədilə tədbirlər görülməsinə, habelə Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla ümidsiz aktivlərin balansdan silinməsinə
yönəldilir.
5.9. Müvəkkil kredit təşkilatları
vasitəsilə verilmiş kredit vəsaitindən istifadəyə görə Agentliyin hesabına ödənilmiş
faizlərin bu Qaydanın 5.8-ci bəndində nəzərdə tutulan hissəsi çıxılmaqla,
xüsusi hesabda saxlanılan qalıq məbləğ aşağıdakı qaydada bölüşdürülür:
5.9.1. qalıq məbləğin
1/4 hissəsi Agentlik əməkdaşlarının sosial müdafiəsini gücləndirmək, aylıq vəzifə
maaşlarına əlavələr vermək, Agentliyin maddi-texniki bazasını möhkəmləndirmək və
kənd təsərrüfatı layihələrinin və kreditlərinin idarə edilməsi sahəsində
elmi-texniki potensialını artırmaq məqsədi ilə ayrılır;
5.9.2. qalıq məbləğin
3/4 hissəsi isə kredit təşkilatları ilə əməkdaşlığın təşkilinə, məlumatlandırma,
reklam-təbliğat və marketinq işlərinin aparılmasına, Agentliyin səmərəli fəaliyyəti
üçün göstərilən konsaltinq xidmətlərinin və digər xidmətlərin haqqının ödənilməsinə
sərf edilir.
6.1. Kənd təsərrüfatı
texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının
(bundan sonra – texnika) güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi
aşağıdakı qaydada həyata keçirilir:
6.1.1. texnika üçün
alıcıların ödəməsi tələb olunan ilkin ödəniş texnikanın qiymətləndirmə nəticəsində
müəyyən edilən satış dəyərinin minimum 20 faizi həcmində müəyyən edilir;
6.1.2. idxal edilən
texnikanın gömrük dəyərinin, yerli istehsal məhsulu olan texnikanın isə qiymətləndirmə
nəticəsində müəyyən edilən dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir və
bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün
Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir;
6.1.3. texnikanın dəyərinin
qalan hissəsini isə müvəkkil kredit təşkilatları bu Qayda ilə müəyyən edilmiş şərtlər
daxilində kreditləşdirirlər. Kreditləşmə məbləğinə bu Qaydanın 5.7-ci bəndinə
uyğun tətbiq edilən faiz dövlət büdcəsi hesabına ödənilir.
6.2. Damazlıq heyvanın
güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi aşağıdakı qaydada həyata
keçirilir:
6.2.1. müvafiq damazlıq
heyvan üçün alıcıların ödəməsi tələb olunan ilkin ödəniş damazlıq heyvanın qiymətləndirmə
nəticəsində müəyyən edilən satış dəyərinin minimum 25 faizi həcmində müəyyən
edilir;
6.2.2. idxal edilən
damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq
heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində
güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət
büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları
vasitəsilə ödənilir;
6.2.3. damazlıq heyvanın
dəyərinin qalan hissəsini isə müvəkkil kredit təşkilatları bu Qayda ilə müəyyən
edilmiş şərtlər daxilində kreditləşdirirlər.
6.3. Bu Qayda ilə
müvafiq il üçün kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə
alqı-satqısına tələb olunan vəsait Agentliyin dövriyyə vəsaitindən (bu Qaydanın
5.7-ci bəndində nəzərdə tutulan 2% istisna olmaqla) və dövlət büdcəsindən bu məqsədlər
üçün ayrılmış vəsait çərçivəsində limitləşdirilir və mövcud qanunvericiliyə
uyğun sifarişlər əsasında maliyyələşdirilir.
6.4. Kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışının və lizinqinin maliyyələşdirilməsi həmin vasitələrin təkrar satışına və lizinqə verilməsinə şamil olunmur.
7. Monitorinq və qiymətləndirmə
7.1. Müvəkkil kredit təşkilatları
mütəmadi olaraq sahibkarlıq subyektlərinin monitorinqini aparır və Agentliyə
rüblük hesabatlar verir. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə
Agentlik müvəkkil kredit təşkilatları ilə birlikdə kredit almış sahibkarlıq
subyektlərində məqsədyönlü monitorinqlər aparır.
7.2. Monitorinq zamanı
kredit müqaviləsinin şərtlərinin pozulması halları aşkar edildikdə, müvəkkil
kredit təşkilatları həmin sahibkarlıq subyektlərindən kredit və faiz borcunun
vaxtından əvvəl qaytarılmasını tələb edirlər. Belə sahibkarlıq subyektlərinə gələcəkdə
Agentliyin vəsaiti hesabına kreditlərin verilməsi qadağan edilir.
7.3. Agentliyin müəyyən
etdiyi qiymətləndirici layihələrin və (və ya) maliyyəşdirilməsi həyata keçirilən
kənd təsərrüfatı istehsal vasitələrinin qiymətləndirilməsini aparır.
7.4. Bu Qaydaya əsasən
maliyyələşdirilməsi həyata keçirilən kənd təsərrüfatı istehsal vasitələrinin
sığortalanmasını Agentliyin müəyyən etdiyi şərtlərə uyğun olaraq sığortaçılar və
(və ya) sığorta vasitəçiləri həyata keçirirlər.
7.5. Layihə üzrə müəyyən
edilmiş şərtləri müvəkkil kredit təşkilatlarının pozması halları aşkar edilərsə,
bu müvəkkil kredit təşkilatları layihədən kənarlaşdırılırlar və onlar
borcalanların öz öhdəliklərini yerinə yetirməsindən asılı olmayaraq, kredit vəsaitini
təxirə salınmadan Agentliyə ödəyirlər.
7.6. Agentlik qarşısında
yaranmış öhdəliklərinin təminatı məqsədilə müvəkkil kredit təşkilatı Agentliyin
tələbi üzrə müvafiq pul vəsaitinin müvəkkil kredit təşkilatının Azərbaycan
Respublikasının Mərkəzi Bankındakı müxbir hesabından akseptsiz qaydada silinməsi
haqqında Azərbaycan Respublikasının Mərkəzi Bankına yazılı sərəncam verir. Bu sərəncam
Agentliklə müvəkkil kredit təşkilatı arasında bağlanmış müqavilə üzrə öhdəliklərə
xitam verilənədək qüvvədə qalır.