Diqqətimi çəkən və Azərbaycanda biznes mühitinin inkişafına birbaşa təsir edən bir mövzu neçə vaxtdır ki, məni narahat edir.
Bu yaxınlarda Türkiyədə işgüzar səfərdə idim. Əməkdaşlıqlarla bağlı zavodlarla görüşür və onların məhsul kataloqları, üstün və zəif tərəflərini araşdırırdım. Bir məsələ diqqətimi çox çəkdi. 100-lərlə çalışanı olan zavod sahibkarları və yaxud direktorları insanı elə qarşılayır, danışır, səmimi ortam yaradır və elə dəqiqliklə məhsulları ilə bağlı məlumat verir ki, bu mühiti heç bir zaman görməyən bizlər çaş-baş qalırdıq. Sonda isə qapıya qədər ötürür və əlindən gələni edir ki, səni bu görüş zamanı məmnun etmış olsun.
Dostum danışır, bir distributorluq razılaşması ilə bağlı getdiyi 9000-dən çox çalışanı olan bir zavodun sahibi onu dəniz qırağında simit və çay içməyə, pomidor-yumurta yeməyə dəvət etmişdi. Deyir o qədər gözəl yemək olmuşdu ki, ən bahalı restorana məni qonaq etsəydilər belə həzz almazdım.
Düzdür Çində olmamışam, amm eyni prosesin Çində də olduğunu qeyd edirlər dostlar. Deyir 100-lərlə əməkdaşı olan və 10-larla ölkəyə məhsul satan şirkətlərin sahibləri özləri çay süzür, gətir və belə də olmalı imiş kimi prosesi davam etdirirlər. Elə belə də olmalıdır düşünürəm. O gün bir dostumuz Çində olan əhvalatı danışan zaman qeyd etdi ki, Çinə bir-neçə zavodla görüşə getmişdik. Bizi gəlib oteldən son model avtomobil ilə bir yoldaş götürdü və yolda bizimlə danışan zaman anladıq ki, şirkətin sahibi elə bu yoldaşdır. Qeyd edir ki, zavoda çatanda elə zavodun baş ofisində çalışanların sayı o qədər çox idi ki, biz şokda idik.
Yaxşı biz nələri düzgün etmirik? 40-50 nəfərlik komandası olan sahibkarlar özləri üçün dərin sədd çəkiblər. Onlara çatmaq çətindir. Əməkdaşlıq etmək istəyən, partbyor olmaq istəyən şəxslər uzun müddət gözləmədə qalırlar. Ümumiyyətlə isə onlara tərəf yönləndirilmirlər. Hələ hansısa fabrik, zavod olduğu təqdirdə, 300-500 və yaxud daha çox çalışanı olduğu təqdirdə həmin şəxsi görənlər sevinirlər. Belə olan halda necə çıxacağıq qlobal bazarlara, necə müştərilər cəlb edəcəyik öz müəssisələrimizə necə satış artıracağıq və problemin harada olduğunu necə dəqiq biləcəyik?!
Bir onu bilirəm ki, biznes mühitimizin inkişafı üçün köklü addımlara ehtiyac var. Görüntü və hazırda atılan addımlar günü-günə satmaqdan başqa bir şey deyil.