Son Paylaşım

Nə edək, necə edək ki, Azərbaycanın inkişafını sürətləndirək?

Hər birimiz çalışırıq və istəyirik ki, Azərbaycanda yaxın illərdə istər iqtisadi istərsə də yaşam standartlarında rifah səviyyəsi qalxsın. Lakin analizlər bəzi daşların yerinə oturmadan arzu olunanların heç də rahat olmayacağını göstərir. 

Bu yazını yazmaqda məqsədim cəmiyyətə neqativlik aşılamaq və insanlara ruh düşkünlüyü vermək deyil. Problemləri çoxumuz görürük, lakin daha netləşdirməliyik ki, onları aradan qaldıraq və həqiqətən inkişaf edən Azərbaycan görə bilək.

Ola bilər biraz uzun yazı olsun. Çünki həqiqətən də ölkədəki inkiaşf tempinə təsir edən ünsürlər o qədər çoxdur ki, onları bir-bir ələ aldıqda belə bir uzun yazı ortaya çıxır. Maksimum əsaslara toxunacağam. Yazacağım ünsürlərin bəzilərindən  yola çıxaraq təəssüflə deyə bilirəm ki, bəlkə bu yazı da çox oxunulmayacaq.




Məsələlər zəncirvari bir birinə bağlıdır..

Ən önəmlisi təhsil..

Ölkə təhsil sistemində A-dan Z-yə qiymətlərin yüksək olması və yaxud problemlərin həddindən çox olması necə imkan verəcək ki, kütləvi savadlı bir nəsil yetişdirək? Avropada, Türkiyədə, Amerikada istifadə olunan metodologiyalar minimum 7-8 ildən sonra ölkəyə gəlməsinə baxmayaraq, Universitetlərin şəraitlərinin çox yox Türkiyədəki universitetlərlə müqayisədə 10-larca dəfə aşağı olmasına baxmayaraq, müllimlərin təcrübələrinin çox aşağı olmasına baxmayaraq necə olur ki, qiymətlər od olub insanın əlini yandırır. Adi Nisbət gətirirəm. Mən 2009-2012-ci illərdə İqtisad universitetində oxumuşam. O zamanlar 1500 AZN ödəniş edirdim illik. Bitirdikdən, və əsgərdən gəldikdən sonra isə Kocaeli universitetinde magistr etmişəm. Universitet ödənişim isə sadecə 600 usd (usd-nin 0,78 azn olan vaxtları) idi illik. Özündə universitetin o qədər gözəl şəraiti var idi ki, adam universitetin kampından çıxmaq istəmirdi. Su qiymətinə səhər və axşam yeməyini belə demirəm, kitabxanın müasirliyini demirəm. Adam bir könüldən min könülə təhsilə vurulurdu. Hə, bu bizə 600 usd idi. Türkiyə vətandaşlarına isə pulsuz idi. İndi isə bu nisbət uçurumu daha da böyüyüb. Misal üçün İqtisadiyyat universitetində qiymət 3000-lərə çıxıb. Koaeli universitetində isə qiymətlər yenə də öz vətəndaşları üçün demək olar ki, su qiymətinədir.

Məktəb sisteminin, baxça sisteminin və digər pillələrdəki təhsil sistemlərinin çox pis vəziyyətdə olması ilə nəcə nəticələr əldə edəcəyik? Hələ özəl məktəbləri demirəm. Əksər özəl məktəblər hər il 4000-5000 yeni tələbə istehsal edir. Rüşvət, tapşırıqların sayı isə o qədər çoxdur ki, dəhşət. Bu tələbələrin hər biri müxtəlif istiqamətdə həyata yenidən başlamış kimi olur. Görünüş gözəl amma başda çox az məlumat var. O məlumat da həyatda sağ qalması üçün kifayət edir. İşə düzəlmək üçün isə yenidən, 0-dan öyrənməyə başlayan bu kütlə artıq 32-35 yaşa çatanda özünə normal, özünü keçindirəcək iş tapa bilir. 

Səhiyyə sektorundakı vəziyyət..

Səhiyyə sektorumuzda olan vəziyyət heç də təhsil sektorundan geri qalmır. Covid-ə tutulmuş xəstələrin hər biri demək olar ki, bu prosesdə çox böyük əziyyətlər çəkdi. İçi mən qarışıq maraqlanılmayanlar kütləsi həddindən artıq çox idi. Plansızlıq o qədər yüksək həddədir ki, adam bütün ümidini üzür. Mənim kimi, ölkə səhiyyəsinə inanmayanların sayı əminəm ki, çoxdur. Bu, təəssüflər edirəm ki, belədir. 

Bəzi həyati önəm daşıyan dərmanların həddindən artıq şişirdilmiş qiymətlərdə olması, monapoliyaların olması, tibbi siğorta sisteminin olmaması, reklam gücünə bəzi həkimlərin qapısında müştərilərin ucunun görülməməsi, dəyərləndirmə sisteminin olmaması, nəzarət sisteminin isə 0-a yaxın bir vəziyyətdə olması, poliklinikalarda uşaqların valideynlərindən pul yığan baş həkimin köməkçilərinin olması və s. kimi vərdişlərlər əgər yaxın zamanda vəziyyətin düzəlməsinə inanırıqsa biraz sadəlöv olmalıyıq.

Adam başına düşən gəlir..

Bu məsələ ümumi istihdam (məşğulluq) gücünün, ixrac potensialının, ölkədə iş səviyyəsinin düzgün bölüşdürülməsinin, işəgötürən-işçi münasibətlərinin, biznesə dəstək təşkilatlarının fəaliyyətinin, istehsalat və istehlak gücünün və s. kimi faktorların toplamının nəticəsidir. Sadaladığım bütün məsələlərdə bilirsiniz ki, böyük problemlər var. Əsas da, məni narahat edən vəziyyət, bu sitiqamətlərdə ciddi islahatların aparılmamasıdır.

Adam başına düşən gəlirin normal olmaması bəs hansı problemləri çıxarır ortaya? Digər bütün sadaladığım faktorlara təsir edir əlbəttə. Bu o deməkdir ki, düzgün gəlir əldə edə bilməyən şəxs düzgün alış-veriş edə bilməyəcək, öz uşağına düzgün təhsil verə bilməyəcək, lazım olan dərmanaları ala bilməyəcək və s. kimi həm özünə həm də digər tərəfdə olan xidmət və mal satan şirkətlərə, şəxslərə faydalı ola bilməyəcək. Bu isə iqtisadi çarxın dönməsinin sürətinin elə başlıca zəifləməsinə gətirib çıxarır.

Adam başına düşən gəlir aşağı olduqda insanlar dincələ bilmir, əylənə bilmir, özlərinə və ailələrinə vaxt ayıra bilmir, daha yaxşı hədəflər qoya bilmir, inkişaf üçün kitab oxuya bilmir və bir sözlə həyatının dadını çıxara bilmir.

Bizneslərin vəziyyəti..

Təəssüflər olsun ki, ölkədəki bizneslərin vəziyyətinin nə qədər çətin və qarışıq bir halda olduğunu hər kəs rahatlıqla görə bilir. Uzun davam edən pandemiya vəziyyəti, müharibənin baş tutması, pandemiya zamanında qayda-qanunların çox sürətli dəyişəkənliyi, bizneslərin dəstək görməməsi, özəl və dövlət təşkilatlarının bu vəziyyətdə çox effektiv olmaması, sahibkaların çoxlarının maddi və psixoloji gərginləşməsi ölkədə olan biznes mühiti iflic vəziyyətə gətirib. İstər-istəməz biznesdə olan şəxslərin hər birinə bu vəziyyət yansımaqdadır. İstər sahibkara istərsə də ən yeni çalışana bu vəziyyət özünü göstərməkdədir.

Stabilləşdirilə bilinməyən bank kreditləri, investisiya bazarının olmaması, əməkhaqqı bazarında realda olanla əslində olması gərəkənlər arasında böyük uçurumların olması, bizneslə məşğul olmaq istəyən şəxslərin davamlı çətinliklə qarşılaşması kimi problemlər ölkədəki biznes mühitinin inkişafına əlbəttə mənfi təsir edəcək. Bu şərtlər altında bizneslər necə inkişaf etsin?

İstehsalat, texnologiya və startup..

Günümüz startup və texnologiya dövrüdür. Hər şey texnologiyanın inkişaf ilə ölçülür və ölkə iqtisadiyyatına nüfuz gətirən, sahibkarlara böyük pullar qazandıran, biznesləri bir biri ilə əlaqələndirib irəli aparan katalizator rolunu oynayan da startup-lardır. Lakin bu istiqamətə investisiylar o qədər kiçik həddədir ki, fəaliyyət kimi heçnə görsənmir. Gənclərdə isə bizneslə bağlı mücadilə ruhu aşağıdır. İstehsalımız çox zəif olduğu üçün, böyük çoxunluqla xarici bazarlardan asılıdır. Yerli bazarda olan istehsal şirkətləri çox az hallarda nailiyyət əldə etmiş olurlar. Qeyri neft sektorumuzun ixrac potensialı çox aşağılardadır. Bunun səbəblərini araşdırmalı və hərəkətə keçilməlidir. 2020-ci ili son 10 ayında 12,2 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə 1,4 milyard ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Yəni digər 11 milyard neft sektorunun payına düşür.

Gənclər yetişdirmək lazımdır, onlara imkan vermək lazımdır ki, lazım olanları reallaşdırsın və cəmiyyətimizə faydalı olsunlar. Sadalamadığım 10-larla problemlər var əlbəttəki. Lakin daha çox çalışmaq lazımdır. Lazım olduqda tənqidi yanaşmaq lazımdır. 

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok