Son Paylaşım

İstəyərdim ki, mühafizəçi olum..

İstəyərdim kiçik bir istehsalatda mühafizəçi çalışardım. 28 yaşlarda, özümə baxan vaxtlarda. “Smenim” axşam saat 10-da başlasın səhər saat 10-da bitərdi. “Naparnikim” Elmurad dayı ilə hər dəfə yer dəyişəndə zarafatla deyərdim ki, “Dayı, nə olardıki əvəzimə 1 smen qalasan?”. Sonra təhvil təslim edib keçərdim öz yerimə.
Yan stolun üzərində 2,3 ədəd bədii kitab və “Necə milyonçu olmalı?” ilə ”Xoşbəxt olmağın sirrləri” kitabları olardı. Özümə söz verədim ki, günlük hərəsindən 15-20 vərəq oxuyub il ərzinə 50-60 kitab minimum bitirəcəyəm. Amma ümumilikdə 5-10 səhifə oxuyardım və 3,4 ay elə eyni kitablar stolumun üzərində qalardı.

İstəyərdim ki, mühafizəçi olum.. - Cavid Abasov


5, 10 dəqiqə ərzində bir kəlləmə qənd ilə bir pürrəngi çay içib ardıcıllıqla ənənəvi fəaliyyətimə başlayardım. İlk öncə hər zaman ki, kimi Facebook-a girib bir iki nəfərin statusuna gülmək və ürək atandan sonra postlara girib şərhlərdə bilsəm də bilməsəm də mövzulara görə öz fikirlərimi bölüşərdim.
Aha, əla, Şirəhməd tam ürəyimdən keçənləri paylaşıb. Status belədir.
“Ə, vallah hər yerdə ədalətsizlik var. CV-lərə baxan yoxdur. 50 dənə yerə CV göndərmişəm amma heç birindən geri dönüş olmayıb. Bu ölkədə daydayın yoxdursa hər şey boşdur. ”
Elə bunun altından yazardım ki, “O qədər qohumlarım var ki, diplomu var heç bir yerdə iş tapa bilmir. Bizim ölkədə hər şeydən qabaq şansın olmalıdır. ” Sonra elə səhərə qədər Facebook-u açıq saxlayıb, ona-buna yazaraq bir tərəfdən vaxtımı öldürərdim.
Paralel olaraq komputerdə bir pəncərədə Youtube-u bir tərəfdə isə oyun açardım. Youtube-da biraz gülməli videolar biraz da oynadığım oyunun videolarına baxaraq özüm də 18 ay ərzinə yığdığım oyunçu ilə oyun oynayardım. Bir də onda ayılardım ki, nəzarət yürüyüşünün vaxtından 10 dəqiqə keçib, gedib əraziyə baxıb, hər şeyin yerində olduğunu gördükdən sonra geri, yerimə qayıdardım.
Saat 01:00-02:00 arası əsl mahnıya qulaq asmağın vaxtıdır. Yandırıb Youtube-də qarşıma “Relaxing Jazz music” başlığında çıxan mahnıya baxardım. 2 dəqiqə sonra isə “Buna necə qulaq asırlarə” deyib ara mahnıları qoyardım.
Dostlarım, tanışlarım mənə arada maraqlı iş təklifləri versin amma mən heç birini bu işimə dəyişməyim. Çünki bilmirəm axı onu bacaracağam yoxsa yox və yaxud heç bilmirəm orada necə olacaq. Burada isə dəyib dolaşanım yoxdur və öz istədiyimi edib ayda 400 AZN-imi alıram. Düzdür maddiyyatla bağlı sıxıntılarım olur amma bunu tapa bilməyənlər də var deyib davam edirəm. Həm də söz-söhbət gəzir ki, maaşlar artacaq.
Hər gecə Rusiyadakı, Bakıdakı dostlarımla yarım saat video görüntü ilə danışandan sonra komputerdə yandırıb kazaki və yaxud domino oynayım. Domino oynayanda hər dəfə fikirləşim ki, yanımda bir “naparnik” olardı və onunla səhərə qədər domino və s. oynayardıq. Super olardıha.
Səhər saat 9-a qalır və çalışanlar gəlməyə başlayır. Hə, Murad da gəldi. Murad cavan uşaqdır, 3 aydı gəlib şirkətə və bütün şirkət onun başına and içir. Onunla aramız sazdır. Hər gün səhər gələndə ona sual verirəm. “Sən bilərsən qardaşım, nə olacaq bu işlərin axırı?” Amma o yenə başlayacaq eyni söhbətlərə. “Qardaş, sən canı bütün gecə burada olursan və hər ay 1 proqram öyrəmək şansın var. Otur plan qoy, özün üçün öyrən, çalış yeni kitablar oxu, onlayn kurslara yazıl və qısa zamanda daha perspektivli işlərə get.” Mən isə hər gün ki, kimi qulaq asım və başımı yellədim. Məntiqli gəlsin mənə. Sonra isə Murad ilə sağollaşım.
Aha, müdir gəlir, özümü yığışdırım və biraz da fəal olum. Biraz yorğun görsənim biraz da ehtiyaclı və Elçin bəy üçün qapını o qapıya çatmadan açım. Salamlaşım və onun xətrini çox istədiyimi bəzən sözlə bəzən isə hərəkətlərimlə bildirim.
Həə, uje saat 10-a qalır gedim bir çay içim və Elmurad dayını gözləyim. Elmurad dayı gəldi, təhvil-təslim etdim. Evə getməyin zamanıdır, gedim yemək yeyim və 3,4 saat yatım. Nə də olmasa axşam yenə smendəyəm...

2018 / paylaşılmayan yazılardan / Cavid Abasov

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok