Son Paylaşım

Riskli və krizis dönəmində bizneslər nə etməli?

Riskli və krizis dönəmində şirkətlər tərəfindən hansı addımların atılması ilə bağlı öz fikirlərimi son 2 gündə oxuduğum məqalələrlə və bir sıra araşdırmalarla gücləndirdim. Bunları sizinlə paylaşaraq düşünürəm ki, faydalı addım atmış olaram.
Ümumi iqtisadiyyatın və digər yoldaşların da fayda əldə edə bilməsi üçün paylaşmağınız rica olunur.



Toplant, toplantı, toplantı
Kriz müddətində əsasən orta böyüklükdə şirkətlərin etdiyi bir yalnış var. Məsələyə xaotik yanaşma və işin gedişatını planlamama. Bu xaotikliyin qarşısını almaq üçün sıx-sıx olmaq şərti ilə qərarvericilər arasında toplantılar keçirmək və həll yollarını müzakirə etmək gərəklidir. Bu toplantıların müddətini qısa və effektiv edə bilmək üçün müəyyən toplantı qaydaları yaratmaq lazımdır. Misal üçün:
  • Toplantı kordinatoru təyin etmək,
  • Toplantı iştirakçılarının öncədən təklifləri düşünərək toplantıya hazırlıqlı gəlməsi,
  • Sürətli fikir mübadiləsi və bütün fikirləri dinləmək,
  • Toplantnın nəticələrinin yazılması və qərar vermə prosedurunun sürətləndirilməsi.
Şirkətlər toplantılarla xaotik düşünməyi qırağa qoyacaq, vəziyyəti düzgün təhlil edəcək və riskləri minimumlaşdıracaqlar.

Qısa dönəmli qərarlar vermək
Krizis və riskli dönəmlər adından da bəlli olduğu kimi uzun zamanlı planlar qurmaq üçün ən uyğun olmayan vaxtlardır. Bu müddət ərzində qısa dönəmli düşünmək və qısa dönəmli qərarlar vermək lazımdır. Yəni bu müddət ərzində necə ayaqda duracağıq və bu riskli dövrü keçə bilmək üçün hansı addımları ata bilərik. Ola bilər ki, siz bəzi sahələrdən qazanclılıq aşağıdır deyə uzaq durmusunuz. Lakin indiki mərhələdə bu sahələrə tələb varsa və siz bunu edə bilirsinizsə etməlisiniz ki, kassaya nağd büdcə daxil olsun.
Bu dönəmdə hədəflərinizi illik deyil aylıq, həftəlik və günlük qoymağınız daha məntiqlidir.

Realizasiyadan və uzun müddətli "nisyə"-dən qaçın. Nağd strategiyasına fokuslanın
Mövcud büdcənizi maksimum düzgün idarə etməyə çalışın. Pərakəndə sektorunda olan böyük bizneslərin iflasa getməsinin əsas səbəblərindən biri məhsullarının və büdcələrinin kassalarında deyil bazarda olmasıdır. Riskli dönəmlərdə pulu geri yığa bilməyən şirkətlər isə çox böyük çətinliklərlə qarşılaşır.

Kiçilmək yoxsa alternativlər?
Əslində bu riskli dönəmlərin vəziyyəti ilə bağlıdır. Əgər risk və krizis amilləri bir başa sizin sahənizlə bağlıdırsa o zaman kiçilməyə getməyiniz mütləqdir. Yenidən, yeni prosedurlarla və daha yaxşı idarəetmə sistemi ilə özünüzü toparlaya bilərsiniz.
Yox əgər ümumi iqtisadiyyatla bağlıdırsa və bu vəziyyət bütün şirkətlərə təsir edirsə o zaman alternativ addımlar ata bilərsiniz. Əməkdaşlarla razılaşaraq onların maaş-larının bir müddətlik daha uyğun büdcəyə endirilməsi, daha çox işlərə cəlb olunması və s. kimi detallara diqqət edərək şirkəti riskli vəziyyətdən çıxarmaq olar. Hətta düzgün və yerində atılmış addımla elə etmək olar ki, şirkət riskli dönəmi sovuşdurduqdan sonra əvvəlkinə nisbətən daha sürətli böyüyə bilsin.

Uzun müddətdə qazanc gətirəcək yatırımlar etməyin
İstər pulunuzu istərsə də enerjinizi sizə uzun müddətə geri qayıdacaq qazanclar üçün sərf etməyin. Bu müddətdə daha dəqiq işlərə pul qoymalı və elə həmin an qazancınızı əldə etməlisiniz. Bu sizə ayaqda qalmağa və riskli dövrü sovuşdurmağa yardımçı olacaq əsas addımlardan biridir.

Müştəriləriniz ilə əsasən də önəmli müştərilərinizlə kommunikasiyanı sıxlaşdırın
Belə zamanlarda müştərilərin qərar vermə proseslərində dəyişikliklər baş verir. Onlarda tədirginlik və qərarsızlıqlar olur. Vəziyyəti onlarla tez-tez danışmalı, onların fikirlərini analiz etməli və həll yolları verməlisiniz.

Anbar idarəetməsinə nəzarət
Əgər anbarda xammaddə, yarıməmulat və məmulatınız çoxdursa, qısa zamanda qazanc gətirməyəcək hissəsini nağd pula çevirməkdə fayda vardır. Əlavə olaraq bundan sonrakı prosesləri daha düzgün tənzimləmək lazımdır. Əgər JIT (Just in time- tam vaxtında) istehsal etmək potensialınız varsa istehsal sifarişi alıdıqdan sonra, istehsala başlamamışdan əvvəl  xammaddəni, məmulatları və yaxud yarıməmulatları sifariş verməyiniz düzgün olacaqdır. Alternativ olaraq, tədarükçü ilə danışa bilər xammalı və s.-ni aldıqdan sonra istehsal etdikcə ödənişi edə bilərsiniz. Bunun üçün tədarükçülərlə sıx əməkdaşlıqlar və uzun müddətli əlaqələr yaratmaq mütləqdir.

Alternativ və daha aşağı büdcəli yeni məhsullar hazır edin
Bazarın alıcılıq gücü aşağı düşdüyü üçün riskli və krizis dövrlərində ayaqda qala bilmək və pul axışını təmin edə bilmək üçün daha aşağı büdcəli məhsul təklifləri verməyiniz gərəklidir. Əgər bu fəaliyyətin sizin marka imicinə uzun müddətdə təsir edə biləcəyini düşünürsünüzsə bu çətin dönəmlər üçün hazırladığınız məhsulu bazara alternativ marka adı altında verməyiniz daha düzgün olar. Lakin burada diqqət etməli nüans odur ki, keyfiyyət dəyərinizi yenə də qorumalısınız. Çünki alıcının davranışları dəyişsə də yenə də büdcəsinə görə ən keyfiyyətlisinin axtarışında olacaqdır.

Bir şeyi unutmamaq gərəkdir dostlar, riskli dövrləri və krizis zamanını fürsətə çevirmək mümkündür. Lakin fürsət qazanmaq ilə fürsətçilik arasında fərq var. Daha çox qazanmaq üçün bazar iqtisadiyyatına ziyan vuranlar bir gün buna görə mütləq cavab verəcəklər.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok