Son Paylaşım

Son dönəmlərdə Azərbaycanda marketinq - Müsahibə


1. Əsas suallara keçməzdən əvvəl oxucularımıza öz təcrübənizə əsasən marketinqi necə gördüyünüzü çox qısa təsvir edə bilərsinizmi? Yəni, ədəbiyyatda yazılanları kənara qoysaq, marketinq sizə görə nədir?
İlk öncə müsahibəyə görə sizə öz təşəkkürümü bildirirəm. Günümüzdə şirkətlərin diqqətdə saxlamalı lazım olduğu önəmli mövzulardan birinə toxunmusunuz.




Marketinq sahəsində istər uğurlu fəaliyyətlər icra edə bilmək, istər çalışdığımız şirkətə və markaya faydalı ola bilmək istərsə də sürətli inkişaf üçün həm nəzəri bilikləri həm də praktiki bilikləri yaxşı bilməliyik ki, görəcəyimiz bütün fəaliyyətlər əsaslı və yerində olsun. Bir marketinq mütəxxəsisi üçün nəzəri biliklər iş fəaliyyətlərinin təməlini daşıyır. Lakin nəzəri bilikləri çox olan hər bir şəxs çalışdığı şirkətə yaxşı faydalar verə biləcək anlamına gəlməməlildir. Çünki hər bir ölkədə olan biznes mühitinin özünəməxsus mürəkkəb tərəfləri vardır. Uğurlu nəticələr əldə etmək istəyən marketinq mütəxəssisi marka tanınırlığı kampaniyaları, imic kampaniyaları və satış kampaniyaları edərkən, hər hansısa marketinq fəaliyyətlərinı reallaşdırarkən olduğu ölkədəki biznes mühitinin özünəməxsus tərəflərini nəzərə almalı və buna uyğun addımlar atmalıdır.
Marketinqi əgər daha sadə dil ilə izah etməyə çalışsaq, əlimizdə olan ən uyğun büdcə ilə  markamızın tanınırlığını yüksəltmək, məhsulumuzun bazardakı satışını artırmaq, rəqiblərimizi üstələyərək bazardan daha çox pay götürə bilmək və müştərilərimizın davamlı məmnuniyyətini əldə saxlaya bilmək üçün olan bütün fəaliyyətlərin toplusu kimi qeyd edə bilərik.

2. Son illər ölkəmizdə marketinq fəaliyyətlərində, xüsusilə də reklamlarda emosional elementləri tez-tez görürük. Buna səbəb nədir? Dünyadakı trendlər bunu tətikləyir, yoxsa ölkədəki markalar öz hədəf kütlələrinin psixologiyasını daha yaxşı bilməyə başlayıblar?
Bunun əslində dünya trendləri ilə bağlılığı yoxdur. Marketinqin təməlində dayanan əsas istiqamətlərdən biri “Müştəri davranışı”-dır. Hansı ki, bu sahə sayəsində biz müştərilərimizi tanıyır və onlara nə təklif etmək lazım olduğunu daha yaxşı analiz edə bilirik. Bu mövzunun daxilində çox yaxşı nüanslara toxunulub. Bunlardan biri də ölkələrin vətəndaşlarına görə təsiredici reklam metodologiyalarıdır. Yəni müxtəlif ölkələrin, regionların reklamlara verdiyi reaksiyalar fərqlidir. Misal üçün siz eyni məhsulu Almaniyada, Yaponiyada, Amerikada və Türkiyədə istehlakçı davranışlarının fərqli olduğunu nəzərə alaraq fərqli formada bazara təqdim etməlisiniz. Buna bariz nümunə kimi Coca-Cola reklamlarını ələ ala bilərik. Yaponiyada Coca-Cola reklamları daha çox keyfiyyət və faydalılıq üzərindən edildiyi halda Türkiyədə ailə, dəyərlər və milliyyətçilik üzərindən aparılmaqdadır.
Azərbaycanın istehlaçkı davranışları Türkiyə istehlakçı davranışları ilə uyğunluq kəsb etdiyi üçün Azərbaycanda da emosional, həssas, ailə dəyərlərinə dayanan, milli dəyərlərə dayanan reklam metodologiyası çalışmaqda və müştərini özünə cəlb edə bilməkdədir.
Azərbaycanda bu tendensiyanın inkişafının bir sıra səbəbləri vardır.
  • Şirkətlər ayrılan marketinq büdcəsini maksimum faydalı istifadə etməyə çalışır,
  • Müştəri seqmentləşməsi aparılır,
  • Reklam agentlikləri artıq dafa peşəkarcasına çalışmaqdadırlar və müştəri davranışlarını nəzərə alırlar,
  • Artıq istehlakçı davranışları qismən də olsa ölçülür və anliz olunur.

Düşünürəm ki, Azərbaycanda emosional, milli və ailə dəyərləri üzərindən reklamları bundan sonra daha çox görəcəyik.

3. Ölkəmizin marketinq bazarını necə görürsünüz? Markalaşa bilən məhsul və xidmətlərin sayı sizcə kifayət qədərdir? Dünya markasına çevrilə bilən brendlərimiz varmı?
Əslində bir neçə il bundan öncəyə baxdıqda marketinq sahəsində inkişafın çox yüksək olduğuna hər birimiz şahid oluruq. Burada təlimlərin, forum və seminarların böyük payı var. Həqiqətən ölkədə keçirilən təlim, forum və seminarların əksəriyyəti satış, marketinq və biznes istiqamətindədir. Bu tendensiyanın yaxşı tərəflərinin olduğu kimi pis tərəfləri də vardır. İnsanlar artıq bu sahədən doymağa başlayır və biraz da çəkinirlər. Düşünürəm ki, bu tədbirlərin sayı azaldılmalı əvəzində isə keyfiyyəti artırılmalıdır.
Marketinqin ilk addımı marketinq strategiyasının qurulmasıdırsa, təəssüf olsun ki, çox şirkətlər bunu tətbiq etmir. Mən bu gün çox rahatlıqla söyləyə bilirəm ki, ölkədəki əksər şirkətlərin marketinq strategiyası yoxdur. Strategiyası olmadan marketinq fəaliyyətləri aparılır. Bu çox təhlükəli bir vəziyyətdir.
Markalaşma addımları atan bir çox markalar və şirkətlər vardır. Lakin təəssüf olsun ki, hələki qlobal bazarda uğurlu nəticələrimiz azdır. Bunun üçün bir sıra tədbirlər görülməlidir.
  • 1.    Dövlət tərəfindən bizneslərin xarici bazara yönəlməsinə xüsusi diqqət ayrılmalıdır,
  • 2.    Gömrük qanunvericiliyində ixrac olunan mallara ciddi güzəlştlər olmalıdır,
  • 3.    Markalaşma prosesində xüsusi ekspertlər cəlb olunmalıdır,
  • 4.    Başqa ölkələrdə aparılan reklamlarda dövlət tərəfindən marketinq büdcəsi dəstəyi olmalıdır,
  • 5.    Başqa ölkələrdə diler və distributorların tapılmasında dövlət maraqlı olmalıdır,
  • 6.    Şirkətlərin hədəf və vizyonları olmalıdır,
  • 7.    Komanda günü gündən inkişaf etdirilməlidir.
  • Özəl şirkətlər və dövlət qurumları birlikdə bu istiqamətdə ciddi addımlar atmalıdırlar ki, qısa zamanda ciddi nəticələr əldə olunsun.


4. Bəs bütövlükdə ölkələr və şəhərlərin markalaşmasına necə baxırsınız? Artıq tez-tez görürük ki, müxtəlif ölkələr və şəhərlər yaxşı hazırlanmış marka strategiyası əsasında işləyir və o istiqamətdə ölkəni təbliğ edirlər. Azərbaycanın bu istiqamətdə imkanları nələrdir? Sizcə, şəhərlərimizdən hansılar xüsusi markalaşma potensiala sahibdirlər?
Çox dəyərli mövzuya toxundunuz həqiqətən. Bir turizm ölkəsinə çevrilə bilmək və qeyri-neft sektorunun inkişafını təmin edə bilmək üçün atılması ilk addımlardan bidirdir. Bu istiqamətdə Azərbaycan cografi yerləşmə baxımından çox dəyərli bir regionda yerləşir. İstər Avropa istər Asiya istərsə də Ərəbistan yarımadası ölkələrindən ciddi turist axını cəlb edə bilərik.
Lakin ilk öncə markalaşmaq və bir neçə sualı özümüzə verməliyik?
  • 1.    Biz ölkə olaraq hansı istiqamətdə tanınmaq istəyirik?
  • 2.    Hansı imkanlarımız var?
  • 3.    Bu imkanlarımızı hansı istiqamətdə inkişaf etdirə bilərik?
  • 4.    Əsas turist potensialı olan ölkələrimiz hansılardır?
  • 5.    Bu ölkələr üçün biz hansı imkanları vəd edirik?
  • 6.    Bu ölkələrdə necə marketinq fəaliyyətlərini icra edəcəyik?
  • 7.    Gələn turistləri razı salmaq üçün atılacaq addımlar nələrdir və məmnuniyyəti necə pik həddə qaldıra bilərik?

Bu fəaliyyətlərin hər birini iqtisadi yöndən analiz etmək və tərkib detallarını işləmək lazımdır.
Azərbaycanda isə potensialı olan şəhərlərimiz çoxdur. Bunlardan ən öndə gələnləri Bakı, Gəncə, Mingəçevir, Zaqatala-Balakən zonası, Qəbələ, Şimal-şərq və Cənub bölgələrdir ki, bu şəhər və bölgələrdə turistlər üçün çox fərqli imkanlar təmin etmək mümkündür.
5. Ölkəmizdə pərakəndə fəaliyyət göstərən kiçik bizneslər öz bazarlarını yerli və xarici markalara uduzmaqdadır. Yəni, bazardakı ənənəvi metodlar sürətlə yerini yeni üsullara buraxır. Bu trendin səbəbləri nələrdir? Gənc nəslin əsas alıcıya çevrilməsi bu prosesi tətikləyir, yoxsa orta yaşlı nəsil artıq markalara daha meyllidir? Bu mövzuda araşdırmalar edilibmi?
Qeyd etdiyiniz çox yaxşı haldır. Bu ölkədə biznes mühitinin inkişafını göstərən əsas hallardan biridir. Çünki dünənə kimi, işinə ticarət kimi baxan şirkətlər artıq anlamağa başlayırlar ki, markalaşmaq, komandalaşmaq və əsas da daha peşəkar şirkətləşmək lazımdır.
Bunun səbəblərini aşağıdakı kimi qeyd edə bilərik.
  • 1.    İstehlakçının seçim imkanları artıb. Rəqabətlilik böyük və marka çeşidliliyi yüksək olan sahələrdə sürətli markalaşma proseduru gedir. Hansı şirkətlər ki, ayaq uydura bilmir, onlar bazardan çıxmaq məcburiyyətində qalırlar.
  • 2.    Yerli məhsullar xarici məhsullar ilə rəqabət apara bilmək üçün mütləq markalaşmalıdırlar. Çünki Türkiyə, Rusiya və Avropadan gələn məhsulların markalaşması yüksək və oturuşmuş sistemləri olur.
  • 3.    Yeni bazarlara çıxmaq imkanı.  Şirkətlər artıq son illərdə anlamağa başlayırlar ki, beynəlxalq bazarlara çıxmaq və orada yaxşı rəqbətlilik əldə edə bilmək üçün markalaşmalıdırlar.
  • 4.    Biznes bazarı yenilik istəyən bazardır. Davamlı olaraq yenilik etmək, araşdırmaq, analiz etmək və yenidən yenilik etmək zamanıdır. Bu da özlüyündə bütün şirkətləri və məhsulları markalaşmağa sövq edir.

Ümumilkdə son illərdə istər dövlət tərəfindən istərsə də şirkətlərin özləri ölkədəki biznes mühitinin inkişafında bir başa rol oynamaqda maraqlıdırlar. Bu isə yaxın gələcəkdə Azərbaycanın biznes mühitinin daha da inkişaf edəcəyini özündə əks etdirir.

Finans.az

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok