Son Paylaşım

Daxili kommunikasiyanın planlaşdırılması


Bilirəm ki, kommunikasiya dedikdə dərhal ağlınıza “qarşılıqlı və ya fərdi olaraq şifahi (jestlər, mimika, bədən dili), yazılı, viziual və ya kütləvi ünsiyyət vasitələri ilə həyata keçirilən hər cür xəbər, məlumat, maraq, duyğu və düşüncə axını” gəlməkdədir. Kommunikasiya, yəni ünsiyyət, bizim bütün həyatımızın formalaşmasına səbəb olan bir anlayışdır. Normal sosial həyatımız bir kənara qalsın, artıq günümüzdə şirkətlər və fərdlər arasında təşkil olunan iş dünyamız üçün, içərisində olduğumuz sektorda qarşıya qoyulan hədəfləri reallaşdırmaq adına korporativ ünsiyyətin vacibliyini qeyd etməyimə fikrimcə ehtiyac yoxdur! Bu yazıda, çalışma həyatımız müddətində hər zaman qarşımıza çıxan, korporativ və fərdi marka və ya markalarımızın xarici bazarlara girməsində effektiv rol oynayan “şirkət daxili kommunikasiya” anlayışını izah etməyə çalışacam.

Daxili kommunikasiyanın planlaşdırılması


Daxili kommunikasiya – şirkət daxilində effektli bir ünsiyyət sisteminin qurulması və idarə olunması prosesidir. Çalışanlardan yüksək vəzifəli idarəedicilərə qədər şirkət içərisində yer alan bütün maraqlı tərəfləri əhatə edən bu proeses, eyni təşkilatda bir araya gələn insanların əməkdaşlığını və harmoniyasını hədəfləməkdədir. Eyni zamanda, işçilərin sədaqət (loyallıq) duyğularını və motivasiyalarını artırmaq da, əsas hədəflərdən biridir. Bütün bu saydıqlarımızın əsas məqsədi, şirkətin hədəflərinə çatmasına xidmət etdiyini söyləmək lazımdır. Yüksək səviyyədə motivasiya və sədaqət hissi, işçinin performansına da müsbət mənada birbaşa təsir göstərməkdə və şirkət üçün böyük fayda yaratmaqdadır.
Komanda şəklində güclü bir orqanizasiya yaratmaq hədəfi  keyfiyyətli daxili ünsiyyət planı olduqda mümkündür. İşçilərin rəhbərlik missiyası ilə uyğunlaşması və onların fəallıq dərəcəsini yüksəlməsinə səbəb olacaqdır. Beləliklə də, daxili kommunikasiyanın düzgün qurulması işçilərin performanslarının dəyərləndirilməsi və təşkilatın qarşılaşdığı bir sıra problemləin aradan qaldırılması, daha çox insanın iştirakına təşviq edilməsi və daha xoşbəxt işçilərin formalaşmasına səbəb olacaqdır.
Bəs daxili kommunikasiya planını hazırlamanızda hansı vasitələr sizə köməkçi ola bilər? Gəlin bu suala birlikdə cavab tapmağa çalışaq.

Daxili kommunikasiya planı üçün bir araşdırma
Bir fəaliyyət planı araşdırmadan əvvəl, şirkətin ünsiyyət faəliyyətlərini nəzərdən keçirmək və ünsiyyətin şirkət daxilində nə qədər effektiv ola biləcəyini ölçmək lazımdır. Aktiv, enerjili bir şəkildə qəbul ediləcək və həyata keçiriləcək daxili kommunikasiya planında, əsas maraqlı tərəflərlə məsləhətləşmək çox vacibdir. Əsas maraqlı tərəflər, tamamilə şirkətin işçiləridir. Anonim sorğular, məsləhətlər almaq üçün ən yaxşı yoldur. Anketlərin anonim və ya hətta onlayn olması, işçilərə bitərəf fikirlərini asanlıqla ifadə etməyə imkan verir. Bunu təyin etmədən əvvəl ümumi suallar hazırlamaq vacibdir.
  • Daxili kommunikasiyanın işləyiş planı necə olmalıdır?
  • Hansı məlumatlara ehtiyac vardır?
  • Təşkilati məqsədlər nələrdir?
  • Həvəsləndirici fəaliyyətlər hansılardır?
  • Hansı məlumatları kimin ilə gündəlik, həftəlik və aylıq olaraq paylaşırsınız?

Planlama
Bütün  məlumatların düzgün formada toplanılması. İş qrafiklərinin, son tarixlərin, vəzifələrin normal planlaşdırılması və fəaliyyət göstərə bilən məqsədlərin təyin edilməsi ilə birlikdə, planlaşdırma, qrupunun bütün üzvləri tərəfindən aydın bir şəkildə başa düşülməlidir.
Daxili kommunikasiya planlaşdırılmasında 4 anlayış çox önəmlidir. Bunlar:
  • Ölçüləbilən məlumatlar
  • Əlçatan məlumatlar
  • Real məlumatlar
  • Zamanlama


Mövcud vasitələrdən istifadə edə bilmək
Sahib olduğunuz bütün vasitələri ünsiyyət planınızda qiymətləndirməyi bacarmaq önəmlidir. Araşdırma həyata keçirərkən işçilərin diqqətini cəlb edəcək və fikirlərini ölçə biləcək bir sıra vasitələrdən istifadə edilə bilər. Bəs mənalı və uzunmüddətli ikitərəfli ünsiyyət yaratmaq üçün hansı vasitələrdən istifadə etmək olar?
Bir intranet portalınız varsa, bu vasitədən faydalanmaq və ondan necə istifadə etdiyinizə diqqət yetirmək olduqca önəmlidir. İntranet portalı sağlam, tək kanallı ünsiyyət üçün çox böyük bir vasitədir. Yeniliyə əhəmiyyət verən və rəqəmsal sürəti sevən təşkilatlar üçün böyük fayda daşımaqdadır. İntranet portalınız yoxdursa, keyfiyyətli daxili kommunikasiyanı təmin etmək çox çətin olacaq. Daxili və xarici yazışmalar üçün rahat və effektiv elektron poçt platformanız olmalıdır.

Davamiyyəti təmin etmək
İşçilərin daxili kommunikasiyada inamlı olmaları üçün, mesajın ton və diqqət baxımından uyğun olması lazımdır. Məzmununuzu bir-birinə bağlamaq üçün İntranet, bülletenlər, sürətli mesajlaşma vasitələri və s. uyğun bir mövzunun inkişafı, şirkətin markalaşması və mədəniyyəti baxımından da önəmlidir.

İki tərəfli ünsiyyəti təmin etmək
Daxili kommunikasiya planı, yalnız idarəediciləri düşünərək hazırlanmamalıdır. Yalnız yuxarıdan aşağıya olan ünsiyyət, çox efektiv nəticələr verməyə bilər.
İnsanlar senzura qorxusu olmadan məlumatlara cavab verə bilmək, fikirlərini və şikayətlərini ifadə etmək istəyərlər. Əgər bu şirkət yeni yaradılmışsa, o zaman insanların necə ünsiyyət quracaqlarını təmin etmələri lazımdır. İntranet platformaları işçilərin iştiraklarını başlatmaq üçün əla bir yerdir. Bunları planınıza uyğun hala gətirib, izlənilən etmək və şərhlərin tez və dəqiq cavablandırılmasını təmin etmək lazımdır.

İşçilərə çox təzyiq göstərməmək
Şirkət çalışanlarına motivasiya verəcəyik deyə onları sıxmaq və lazımsız məlumat toplusu ilə narahat etmək işin gedişatına neqativ təsir edəcəkdir. Planınızı daha kiçik mövzulara bölmək və ya onlardan bir neçəsinə diqqəti yönəltmək, planınızdakı müxtəlif ünsiyyət təşəbbüslərindən istifadə etməyinizə kömək edəcəkdir. Bu mövzular, daha böyük daxili ünsiyyət planınızın bir hissəsini təşkil edən məqsədlərə sahib olmalıdır və səmərəliliyini qiymətləndirmək üçün mütəmadi olaraq nəzərdən keçirilməlidir.

Hərtərəfli olmağa xüsusi diqqət göstərmək
Həqiqətən də effektiv ola bilmək üçün, daxili kommunikasiya planı, hər kəsin iştirak etməsinə və onlara asanlıqla çatacaq səviyyədə olmasına imkan verməlidir. Ünsiyyət planlarına iştirakı təmin etmək üçün müxtəlif vasitələr ehtiyac duyulsa da, onlar nəzərə alınmayan və ya əhəmiyyətsiz sayılan qurumun bir hissəsi olmamalıdırlar. Məsələn, bəzi işçilərin elektron sorğulara və ya intranet forumlara çıxışı yoxdursa, onlar üçün təklif qutuları quraşdırmağı düşünə bilərsiniz. Tədqiqatınız, danışdığınız insanlar barədə qərar vermənizə kömək edəcəkdir.

Böhranı idarə edə bilmək
Daha geniş bir iş üçün, böhranla əlaqəli təcili plan vermədən əvvəl veriləcək bəzi suallar var. Bunlar:
  • Normal və ya ən çox istifadə etdiyiniz bir ünsiyyət metodunun çox yavaş olduğu və ya təhdid edildiyi vəziyyətlər varmı?
  • Hər hansı bir alternativ mövcuddurmu?
  • Hərkəs bunu idarəetməyi bacarır?
  • Artıqlıq var yoxsa əksər böhran ssenarilərinə davamlıdır?

Bu cür vəziyyətləri planlaşdırmaq üçün sərf etdiyiniz vaxt və səy, böhran dövründə bir həyat qurtarıcısı kimi sizə xidmət göstərəcəkdir.
Nəticə etibarilə, gün ərzində çox vaxt sərf etdiyiniz müəssisədə hər gün eyni həvəs və coşğu ilə  həyata keçiriləcək bir daxili ünsiyyət anlayışı qurumu irəliyə aparacaqdır. Şirkət çalışanları şirkətin güzgüsüdür və onların xoşbəxt işçilər olduğunun cəmiyyət tərəfindən görülməsi, şirkətin və markanın gücünü artıracaq.


About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok