Son Paylaşım

5 güc analizi modelinin biznes üçün faydaları


Bu gün şirkətlər, strategiyalarını müəyyənləşdirdikləri zaman, bir çox nüansı diqqətə almırlar. Bu da gələcəkdə işlərin qaydasında getməməsinə səbəb olur. Gəlin ilk öncə strategiya sözünün mənasını anlamağa çalışaq. Strategiya, “əvvəlcədən hədəflənən bir məqsədə çatmaq üçün seçilən yol” olaraq tərif edilə bilər. Biznes məktəblərində strateji idarəetmə dərslərində adını eşitdiyimiz bir model olan, məşhur Harvard Universiteti professoru Michael Porterin yaratdığı “5 Güc Analiz” modeli, bu baxımdan bizə faydalı ola bilər.


Porterin 5 güc analiz modeli, iş mühitindəki rəqabət şərtlərini başa düşmək, strategiyanızın nə qədər doğru olduğunu analiz etmək üçün istifadə edilir. Beləliklə, bu analiz vasitəsilə, hər hansı bir biznes sahəsinin nə qədər cəlbedici və mənfəət gətirə biləcəyi ortaya çıxarıla bilər. Sadə ama çox güclü bir modeldir. Çünki olduğunuz sektorda qazanclılığınıza təsir göstərə biləcək gücləri yaxşı analiz edə bildiyinizdə, strategiyanızı buna uyğun tənzimləyə bilərsiniz. Məsələn, güclü bir tərəfinizdən maksimum fayda əldə edə bilər, zəif tərəflərinizi isə yaxşılaşdıra bilər və gələcəkdə səhv addımlar atmaqdan yayına bilərsiniz. 5 güc analiz modelini daha effektiv istifadə edə bilmək üçün, ilk öncə şirkətinizə dair SWOT analiz etməyiniz məsləhət görülür.
İlk olaraq Porter bu analizi yaratdığı 1979 ilində, hal-hazırda fəaliyyət göstərən bir çox güclü marka və şirkətlər hələ yox idi. Üstəlik bazar anlayışı kifayət qədər inkişaf etməmişdi. Porterin araşdırmaları və gələcəyi görmə qabiliyyəti ilə yaratdığı bu analiz, bütün dünyada böyük səs gətirdi. Hal-hazırda fəaliyyət göstərən güclü markaların bu 5 güc prinspini çox yaxşı mənimsədiyini və həyata keçirdiyini deyə bilərik. Porterin 2008-ci ildə analizi yeniləyib, yeni bir məqalə kimi yazmış olması da bu analizin nə qədər önəmli olduğunu və günü-gündən necə inkişaf etdiyini göstərməkdədir. 2008-c ildə yenilənmiş analizdə Porterin qeyd etdiyi kimi bu 5 gücü bilmək  şirkətin olduğu sektoru başa düşməsinə köməkçi olacaq və daha qazanclı, hücumlara qarşı daha möhkəm necə dura biləcəyini göstərəcəkdir.
Biznesdə rəqiblərini tanımaq, rəqiblərin hərəkətlərini müşahidə etmək çox vacibdir. Amma Porter rəqibin fəaliyyətini daha dərindən araşdırmağa və biznes mühitə təsir göstərən digər amilləri də nəzərə almağa çalışır. O, rəqabət mühitini formalaşdıran və birbaşa şirkətin mənfəətliliyinə təsir göstərən 5 gücün olduğunu qeyd edir. Bu gücləri aşağıdakı şəkildə sadalamaq olar:
  • Sekordakı rəqabət (Industry Rivalry);
  • Sektora yeni girəcək oyunçuların qarşılaşacağı təhlükə və problemlər (Barries to entry, threats of new entrants);
  • Təchizatçıların sektordakı gücü (bargaining power of suppliers);
  • Alıcıların sektordaki gücü (bargaining power of buyers);
  • Oxşar məhsul təhlükəsi (threat of substitutes);

Bu 5 güc, şirkətinizin olduğu sektoru daha yaxından anlamanızda böyük faydası olacaqdır. Sırası ilə 5 güc modelini daha ətraflı bir şəkildə başa düşməyə çalışaq.
1.Sektordakı rəqabət:
Sektorun ən önəmli göstəricilərindən biri var olan rəqiblərinizdir. Bir sektorda olan rəqabətin varlığı sizin daha da inkişafınıza səbəb ola bilər və ya sektordan yox olmanıza da gətirib çıxara bilər. Bu baxımdan sektordakı rəqiblərin doğru analizi, şirkət üçün həyati mənada çox böyük əhəmiyyət daşımaqdadır. Sektorda edəcəyiniz hər bir yenilik, hər bir fərqlilik rəqabət üstünlüyünu əldə etmənizə birbaşa təsir göstərəcəkdir.
Bu güc prinsipini ətraflı bir şəkildə mənimsəyib, strategiyanıza uyğunlaşdırmağınız üçün, hər şeydən əvvəl sektorda fəaliyyət göstərən rəqiblərinizin güclərini yaxşı bir şəkildə araşdırmağınız və analiz etməyiniz önəmlidir. Bazarda olan paylarından məhsullarındakı keyfiyyətə; təyin etdikləri qiymətdən loqistikaya qədər bir çox nöqtədə rəqiblərinizi çox geniş bir şəkildə araşdıraraq hazırlayacağınız strategiya ssenariləri, sizi daha güclü və ola biləcək rəqabət təhlükələrinə qarşı daha da hazırlıqlı edəcəkdir.
Misal olaraq Nokia-nı düşünün. Cib telefonu aktiv olaraq istifadə edildiyi gündən sektorda ən yüksək paya sahib idi və demək olar ki, bütün sektora istqamət verirdi. Kiçik və bəzən də böyük ölçüdə etdiyi yenilikləri cib telefonu sektoruna qəbul etdirən və insanların böyük bir hissəsinin bir dəfə də olsa istifadə etdiyi bir marka idi. Ancaq, sektora “ağıllı telefon” innovasiyası gətirən Apple və Samsung ilə rəqabət edə biləcək güclərini, rəqiblərini doğru analiz etməyərək boş yerə xərcləmiş oldular. Uzun illər, köhnə texnologiyanı yeni bazar dinamikalarına uyğunlaşdırmağa çalışan Nokia, ağıllı telefon işinə girsə də, gedərək kiçilməkdən və bütün bazar paylarını itirməkdən qaça bilmədi. Halbuki, zamanında strategiyalarını daha doğru hazırlasalar, rəqiblərinin gücünü və potensiallarını doğru analiz edə bilsələrdi, Nokia kimi böyük bir telefon markası hal-hazırda sektordakı yerini daha möhkəm bir şəkildə qoruya bilərdi.
Verilən misaldan da anlaşıldığı kimi, içərisində olduğunuz sektoru tanımaq və rəqiblərinizi bilmək, şirkətiniz üçün doğru bir strategiya hazırlaya bilmək və hədəflərinizə çatmaq üçün önəmli bir gücdür. Bu gücü də nəzərə alaraq, digər nüanslar baxımından da sektoru yaxşı analiz etmək lazımdır.
2. Sektora yeni girəcək oyunçuların qarşılaşacağı təhlükə və problemlər:
Hər sektora zamanla yeni oyunçular girir və bu da sektorun daha da inkişafına və böyüməsinə müsbət bir şəkildə təsir göstərir. Ancaq sektorda olan şirkətlər də yeni rəqiblərin olmasını heç bir zaman istəməzlər. Bu baxımdan rəqiblərinizi analiz edərkən, bir yandan da sektora girə biləcək potensial rəqiblərinizi də müəyyənləşdirməli və giriş strategiyalarını təxmin etməlisiniz. Bu güc prinsipinin əslində iki önəmli nöqtəsi vardır: yeni oyunçu girmə potensialı və yeni girəcək oyunçuların gücü. Bu iki nöqtəni də yaxşı analiz etmək lazımdır. Yeni girəcək oyunçuların potensial güclərini təxmin edə bilmək mövcud strategiyalarınızı bu istiqamətdə inkişaf etdirməyinizi asanlaşdıracaqdır.
3. Təchizatçıların sektordakı gücü:
Çox sektorun özünə məxsus təchizatçı tipləri vardır. Əgər siz bütün təchizat zəncirini öz şirkətlərinizdən yaratmamısınıza o zaman, müəyyən bir təchizatçı ilə çalışmaqdasınız. Misal üçün siz qablaşdırma işi ilə məşğul olan bir şirkətiniz varsa, bu qablaşdırmanın xammalını sizin üçün təşkil edən bir təchizatçınız mövcuddur. Bu yönü ilə baxdığımız zaman, təchizatçınız ilə aranızdakı güc tarazlığı, şirkətinizin gələcəyinə təsir göstərən ən önəmli meyarlardan biri olduğunu çəx rahatlıqla deyə bilərik.
Misal olaraq bir marketim var və məhsullarımı bir topdançıdan alıram. Əgər məhsulları aldığım topdançının çoxlu sayda rəqibi var isə; eyni ya da oxşar məhsulları mənə təmin edəcək başqaları var isə onda bu vəziyyət təchizatçının gücünü azaldır. Tam tərsinə məni isə çox güclü mövqeyə gətirər. Təchizatçı mənə məhsul çeşidliliyi kimi bir imkan yaradarsa, bu da təçhizatçının mənə güc qatmasını təmin edər.
Porterə görə təchizatçı ilə aranızdakı güc münasibətində üstün tərəf olmağınız, sektorda daha möhkəm dayanmağınızda böyük faktor olacaqdır. Hər hansı bir qiymət münaqişəsində, təchizatçınızdan aslı olmaq yerinə, onun üzərində maliyyətləri daha da aşağı sala biləcək bir gücə sahib olmağınız, sektor içərisindəki ani dalğalanmalarda təsir görməməyinizi və hətta zəif olaraq görülən rəqibləri sıxışdırmanızda önəmli rol oynacaqdır.
4. Alıcıların sektordakı gücü:
Bir sektorda alıcılar nə qədər güclü isə, şirkət olaraq sizin gücünüz o qədər azalmaqdadır. Çünki alıcıların bazarlıq kimi güclü bir vasitə ilə qiymətləri istədikləri səviyyəyə qədər düşürmək kimi gücləri vardır. Təbii ki, burda bir çox önəmli nüans vardır. Bu nüanslar, oxşar məhsulların gücü, rəqiblərin gücü kimi digər güc prinsipləri ilə əlaqələndirilə bilər. Eyni zamanda müştəri məhsulu alarkən onun haqqında nə qədər məlumata sahib olması da önəmlidir (Satın aldığı məhsulu nə qədər yaxşı tanıyır?, Mənfi və müsbət tərəflərini nə qədər bilir?, Sektorda olan digər məhsullara nə qədər bələddir?). Müştəri sizin məhsulunuz və digər şirkətlərin məhsulları haqqında nə qədər çox məlumatı var isə, o qədər çox güclüdür. Bütün bu güclərdən qidalanan alıcıların güc faktoru, sizin strategiyanızı ya sa satış gücünüzə təsir göstərən ən önəmli faktorlardan biri olacaqdır.
5. Oxşar məhsul təhlükəsi:
Oxşar məhsullar istehsal etdiyimiz məhsulların yerinə istifadə edilə bilən məhsulları əhatə etməkdədir. Oxşar məhsullar, bir şirkət üçün böyük bir təhlükə deməkdir. Çünki, alıcılar sizin məhsullarınızı tapa bilmədiyində oxşar məhsullara yönələcəkdir. Eyni zamanda daha güclü bir stategiya ilə bazarda var olan bir oxşar məhsulunuz var isə, bu da sizin gücünüzə müsbət mənada təsir göstərəcəkdir. Oxşar məhsullar mövzusunda diqqət edilməsi gərəkən bir başqa nüans da, birbaşa rəqibiniz olmasa da, sizin bazar performansınıza təsir göstərəcək güclər olmasıdır. Birbaşa rəqiblərdən əlavə, oxşar məhsullar istehsal edən şirkətlər də sizin diqqət etməniz gərəkən orta rəqibləriniz olacaqdır.
Uğura gedən biznes -  Porterin 5 güc prinsipini mənimsəmiş və tətbiq edən bir biznesdir. Bu gücləri şirkətiniz üçün ən yaxşı bir şəkildə dəyərləndirməyə çalışın. Zəif tərəflərinizi gücləndirməyə çalışın, rəqiblərinizin sizi o tərəfdən vurmasına şərait yaratmayın. Güclü tərəflərinizdən isə maksimum şəkildə faydalanın. Özünüzə sadiq müştəri kütləsi yaradın və digər firmalarla müqayisdə daima əvəzolunmaz məshullar yaratmağa çalışın. Yalnız bu yolla istədiyiniz inkişafa çatmağınız mümkündür.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok