Son Paylaşım

İş qurularkən tərəfdaşlar arasındakı münasibətlərin analizi


Uğurlu bizneslərin qurulmasındakı əsas amillərdən biri də uyğun, peşəkar və həqiqətən biznes dəyərlərini özündə formalaşdıran biznes tərəfdaşı (partnyoru) tapa bilməkdir. Əks halda heç biznesə başlanıla bilinməyəcək və yaxud qurulan biznes bir müddətdən sonra iflasa düçar olacaqdır. Demək olar ki, hər həftə yeni iş adamları ilə görüşlər keçirir və onlar ilə fikir mübadiləsi aparıram. Bəzi iş adamları yaxşı tərəfdaş tapmağın mümkün olmadığını deyir, bəziləri çox çətin olduğunu deyir və bəziləri isə öz tərəfdaşlarından məmnun olduqlarını söyləyirlər. Bu mövzunun nə qədər həssas olduğunu anlayaraq son analizlərimi sizin ilə bölüşmək qərarına gəldim.


Hər şeydən əvvəl bu məsələni mütləq diqqətdə saxlamaq lazımdır.
Biznes tərəfdaşınızı hisslərinizə görə deyil, şəxsin fərdi keyfiyyətlərinə, bacarıqlarına, biliyinə və əsasən də bu sahədəki təcrübəsinə görə seçin. Sonra hər kəsin üzərinə düşəcək vəzifələri təyin edərək bunu müqavilə halına salın və rəsmiləşdirin.

Çünki hisslərə görə seçilən bizneslərin uzunömürlülüyü bir neçə ildən artıq getmir və nəticədə hər iki tərəf həm maddi həm də mənəvi çətinlik ilə qarşılaşır. Həm də insan üçün ən vacib amilərdən biri olan zaman itirilir.
Bu yaxınlarda bir iş adamı ilə görüşümüz oldu. Özü Azərbaycanda və bir neçə digər ölkədə bir çox bizneslərin yatırımcısıdır və dostunun təkidi ilə Rusiyada bir biznesə yatırım edib. Biznesin başında bu sahə ilə heç bir əlaqəsi olmayan həmin bu dostu qalacaq idi. Nəticədə 1 ilin sonunda 100.000 USD-nin üzərində ziyan edilib. Hansı ki, rəqibləri bu sahədə qazanclar əldə edirlər. Hisslərə, dostluqlara dayanaraq qurulan bizneslərin böyük əksəriyyəti buna oxşar nəticələr verir. Məni isə təəccübləndirən belə iş adamlarının hələ də iş, biznes tərəfdaşı seçərkən düzgün şəxsləri seçə bilməməsidir.
Bəli, bir yaxşı tərəfdaş ilə nə qədər  yol qət ediləcəyi ilə bağlı dəqiq zəmanət yoxdur. Lakin uğursuzluğu minimuma endirmək biraz da bizim əlimizdədir.

Aşağıda iki suala cavab tapmağa çalışacağam.
  1. Bir tərəfdaş seçərkən hansı faktorlara diqqət etmək lazımdır?
  2. Tərəfdaş seçərkən hansı addımlar atılmalıdır?

O zaman gəlin bu sualların cavablarını punktlar ilə açıqlamağa çalışaq. Bu sualların cavabları aşkarlandıqca əslində mövzumuz da özlüyündə aydınlaşacaqdır.

Bir tərəfdaş seçərkən hansı faktorlara diqqət etmək lazımdır
  • Ən önəmli nüans başlayacağınız sahədə təcrübəsi olmalı və yaxud öz işinin peşəkarı olmalıdır.
  • Sizdən fərqli bacarıqlara sahib olmalıdır. Beləliklə bir birinizi tamamlayacaqsınız.
  • Biznes etikasına sahib olması ən vacib amillərdən biridir. Bundan öncə gördüyü işlərə baxmalı və şəxsi yaxşı analiz etməlisiniz.
  • Daima motivasiyalı olmalıdır. Çünki rahatlıqla motivasiyadan düşən bir şəxslə uzun yol qət edə bilməyəcəksiniz. Siz ona nə qədər motivasiya versəniz də axırda özünüz yorulacaqsınız.
  • Ən azı sizin qədər işə dəyər qatmağa çalışmalıdır. Ümumiyyətlə mənim bu məsələdəki yanaşmam hər iki tərəf əlini daşın altına qoymağı bacarmalıdır. Yalnız bu fəaliyyət çərçivəsində iş çox sürətli şəkildə inkişaf edər.
  • Güvənilən biri olmalıdır. O şəxs ilə bağlı bir neçə nəfər ortaq dostlarınızdan məsləhətlər almalısınız və bir müddət birlikdə görüşlər keçirməlisiniz.
  • Yaxşı əlaqələrə və işi qısa zamanda uğura aparacaq potensial güclərə sahib olmalıdır.
  • Bundan öncəki bir neçə oxşar bizneslərdə uğurlu olmalı və yaxud təcrübəsi olmalıdır.
Tərəfdaş seçərkən hansı addımlar atılmalıdır
  • Öz kopyanızı seçməməlisiniz. Əgər sizin ticari tərəfləriniz güclüdürsə digər yoldaşın nəzəri və idarəetmə gücü yaxşı olmalıdır. Və yaxud əksi.
  • Mütləq obyektiv olun və öz hisslərinizə qapanaraq seçim etməyin. İş həyatınızın ən önəmli səhvini etmiş olarsınız. İtirəcəyiniz illərə heyifiniz gələcək və maddi, mənəvi problemlər yaşayacaqsınız.
  • Tərəfdaşlığa başlamaq üçün tələsməyin. Özünüzə və qarşı tərəfə zaman tanıyın və zamanla düzgün qərarı qəbul edin.
  • Hüquqi tərəflərini düzgün tənzimləyin. Bu sizin yaxın dostunuz belə olsa. İş başqa, dostluq isə başqadır.
  • Qaydaları, rolları və vəzifələri öncədən təyin edin və bu təyin olunmuş qaydalar müqavilədə və yaxud sənədlərdə öz əksini tapsın.
  • Ortaqlıq isə belə təyin olunmalıdır. Ya tərəflərdən hər ikisi eyni qədər büdcə qoymalı və eyni qədər iş görməlidir. Digər bir yol da budur ki, şəxslərdən biri büdcənin böyük hissəsini təmin etməli və gələcəkdə lazım olacaq investisiyanı qarşılamalıdır, digər bir tərəf isə işin böyüməsi üçün lazım olan fəaliyyətlərin bütününü icra etməlidir.

Sahənizin, biznesinizin nə olmasından asılı olmayaraq mütəq ən uyğun tərəfdaşı tapmağa çalışın. Əks halda həyatınızın böyük hissəsini lazımsız adamlarla itirəcəksiniz. Yenidən başlamağa isə hər adam özündə güc tapa bilmir.

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok