Son Paylaşım

Şirkətlər sosial medianı, sadəcə paylaşım üçün bir vasitə kimi görürlər - Müsahibə

Gündəlik həyatımıza tam mənası ilə nüfuz etmiş sosial media təkcə sıravi istifadəçilərin yox, həm də peşəkarların, ixtisas sahiblərinin əvəzolunmaz dəyərinə çevrilib. Artıq sosial media PR, marketinq, lobbiçilik və s. kimi sahələrə dərindən nüfuz edir. Bu mənada sosial medianın marketinq sferasındakı təsirləri ilə bağlı marketinq meneceri Cavid Abasovla söhbət etdik:





- Sosial media bugünkü marketinqə hansı formalarda öz təsirini göstərir?

- İnternetin ortaya çıxması və sosial media platformalarının yaranması ilə marketinqdə yeni era başladı. Ənənəvi marketinq alətlərini rəqəmsal marketinq alətləri əvəz etdi və bəzi ənənəvi alətlər, ümumiyyətlə, sıradan çıxdı. Digərləri isə öz güclərini itirməkdədirlər. Bunun bir neçə səbəbi var. Məsələn, rəqəmsal marketinq alətlərindən istifadə daha uyğun büdcəyə başa gəlir, onlar ölçülə biləndirlər, hədəf kütləni təyin etmək olur, marketinq kampaniyalarının axışını rahatlıqla izləmək və dəyişmək olur.

- Müasir dövrdə imicin formalaşması üçün sosial media pulsuz vəsait kimi görünür, amma son dövrlər pullu xidmətlər artıb. Bəs, sizin sahənizdə necə? Gündəlik təcrübənizdə sosial medianın pulsuz, ya pullu imkanlarından daha çox istifadə edirsiniz?

- Karyerasının böyük hissəsini dünyanın ən adlı-sanlı markalarında çalışmış  Cefri Gitomer 63 yaşında “Sosial partlayış” adlı kitab yazır. O, bu kitabda indiki sosial medianın gücündən və indiyə kimi belə bir sosial partlayışın olmadığından bəhs edib. Əslində, həqiqətən də sosial media şəxslərin, şirkətlərin şəxsi markalaşması üçün əvəzsiz rol oynayır. Həm şəxsi keyfiyyətləri yüksək olan, həm də sosial media alətlərini yaxşı istifadə edən şəxslər qısa zamanda öz sahəsində tanına bilirlər. Pullu alətlərdən istifadə edərək bu proseduru daha da sürətləndirmək olar. Eynilə bu, məhsullara da aiddir. Düzgün rəqəmsal marketinq alətlərini istifadə edən şirkətlər həm marka imicini formalaşdıra bilir, həm də öz sahələrindən bazar payı əldə edirlər. Rəqəmsal marketinqdə istifadə olunan əsas alətlər Facebook, Instagram, YouTube, Google reklamları, bloq platformaları, Linkedin və s.-dir.

- Sizcə, ölkədə marketinq sahəsində sosial mediadan istifadənin hansı yanlış və peşəkar olmayan nümunələri var?

- Ümumiyyətlə buna dəqiq cavab vermək çətindir. Bəzən şirkətlər sosial medianı, sadəcə paylaşım etməklə bağlayırlar. Lakin bu heç də belə deyil. Sosial media meneceri müəyyən istiqamətləri yaxşı bilməlidir. Məsələn, şirkətin  əsas strategiyası, onun sosial media stragesiyası, keyfiyyətli paylaşımlar təmin etmək, hədəf kütləni düzgün seçmək, reklam büdcəsindən düzgün istifadə, analiz və hesabat. Bunları tam olaraq qavramayan şirkətlərdə problemlər tədricən yaranmağa başlayır.

- Bəs, düzgün sosial media marketinqi siyasəti necə qurulmalıdır?

- Sosial medianın düzgün siyasətini təmin edə bilmək üçün ilk olaraq şirkətin ümumi strategiyası bilinməlidir. Bu strategiya doğrultusunda sosial media siyasəti yaradılmalıdır. Fərqli, maraqlı, satış təmin edəcək, yaradıcı ideyalar təmin olunmalı və bunlar peşəkar dizaynerlər tərəfindən işlənməlidir. Mətnlər isə peşəkar mətn tərtibatçıları tərəfindən hazırlanmalıdır.

- Marketinq və PR-ın sosial medianın tərkibində bütünləşməsi gedir. Sizcə, gələcəkdə bu sahələr yalnızca internet və sosial media üzərində qurulacaq?

- PR fəaliyyəti marketinq alətidir. Lakin buna baxmayaraq, PR özü də çox geniş sahədir. Gələcək rəqəmsala doğru gedir və məncə, mümkündür ki, uzun illər sonra ənənəvi marketinq alətləri tam olaraq sıradan çıxsın və ancaq rəqəmsal marketinq alətləri qüvvədə olsun. 

- Azərbaycanda sosial media marketinqi üzrə hansı brendləri uğurlu saymaq olar? Nəyə görə?

- İzlədiyim qədərilə ABAD, AZAL, Kapital bank, Hyundai Azerbaijan səhifələrini uğurlu hesab etmək olar. Onların idarəsində həm fərqli post növləri, həm də izləyicidə maraq yaradacaq ideyalar var. Hər bir paylaşımın üzərində uzun müddət əziyyət çəkildiyi hiss olunur. Elə buna görə də işlər keyfiyyətli alınır və bu keyfiyyət onları birinci edir.

Nurlan Ağa,
BDU Beynəlxalq jurnalistika kafedrası

Mənbə:  http://modern.az 

About Cavid Abasov

Cavid Abasov
Cavid Abasov Bakalavr olaraq Azerbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyasının İşlətmələr Fakültəsinin Biznesin İdarəsi ixtisasını bitirmişdir. Magistr təhsilini Türkiyənin Kocaəli şəhərində Kocaəli Universitetində İstehsalın İdarəsi və Marketinq ixtisasında davam etdirməkdədir. Çalışdığı şirkətlər: Əmlak.az - Marketing manager, BHB - Marketing and sales manager, Biznesmen.az - Partner and Project Manager, Auto Azerbaijan - Marketing manager.
Məsləhət Görülən Yazılar × +
Blogger
Disqus
Rəy bildirmək üçün seçin!

Hiç yorum yok